Infoteka.az
Siyasət

Doğma Laçın, qayıdışın mübarək!

       Azərbaycanın əzəli yurd yeri, tarixi qədim olan Laçın!

       Doğma Qarabağımızın füsunkar və əsrarəngiz yaşıl təbiətinin təcəssümü olan Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan isə Qubadlı rayonu ilə həmsərhəd olan cənnət məkan diyardır.

       Tarixi vərəqlədikcə şahidi oluruq ki, zaman-zaman mənfur düşmənlərimiz həmişə bu torpağa qənim kəsiliblər. Hələ XX əsrin əvvəllərində Qarabağın general qubernatoru Xosrov bəy Sultanov, onun qardaşı Sultan bəy Sultanov da zamanında nankor qonşularımız olan erməniləri torpaqlarımızdan çıxararaq, layiqincə susdurublar. 70 il sonra sovet imperiyası dağıldı, biz müstəqil olduq. Müstəqilliyimizin ilk illərində yəni, 1992-ci il mayın 18-də erməni faşistlərinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə daxil olaraq, Laçın rayonunu işğal etdi.

       30 il öncə Birinci Qarabağ müharibəsində Vətən oğulları bu torpaq yolunda canlarından keçərək döyüşdülər, şəhid oldular. İşğal nəticəsində etnik təmizləməyə məruz qalan əhalinin 300-dən çoxu isə həlak oldu və itkin düşdü.

       Laçının yeraltı və yerüstü sərvətləri, tarixi abidələri erməni vandalları tərəfindən talan və məhv edildi. Bu xalqımıza, onun mədəniyyətinə qarşı hərbi cinayət idi. Daha sonra Ermənistan Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasəti ilə qeyri-qanuni əməllər törətdi.         

       28 il bu yurd yerimiz didərgin düşən övladları üçün haray çəkdi, qəribsədi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində isə igid oğullarımız  mənfur düşmənə elə dərs verdi ki, biz Qarabağa, babalarımızdan bizə miras qalan tarixi torpaqlarımıza qovuşduq.

       Vətən müharibəsində cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu tərəfindən noyabrın 9-u Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri işğaldan azad edildi.

       Vətən müharibəsindəki Böyük Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il dekabrın 1-də  Laçın rayonu Azərbaycana təhvil verildi.  Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu isə “Laçının azad olunmasına görə” medalı ilə təltif olundu.

       Qeyd edim ki, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə götürüldü.

       Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışında demişdir. “Laçın rayonunun və Laçın şəhərinin işğaldan azad edilməsi, bir daha demək istəyirəm ki, tarixi hadisədir”. Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan böyük siyasətçi, Ölkə başçısı İlham Əliyevin rəhbərliyi altında  Zəfər Qələbəmizdən sonra həqiqətən də tarixi hadisədir ki, işğaldan azad olunan Laçında quruculuq işləri və Böyük Qayıdış başlanıb. Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Rayonun yol-nəqliyyat infrastrukturunun inkişafı  üçün Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi də abadlıq işlərinə bariz nümunədir.

       2025-ci ildə Laçının Qorçu kəndinin ərazisində Beynəlxalq Hava Limanının istifadəyə verilməsi də böyük əhəmiyyətə malikdir. Ən əsası işğaldan azad olunmuş ərazilərdə, eləcə də Laçında hava limanının inşası ərazinin beynəlxalq statusunu artıracaqdır. Ən əsası Laçın rayonunun sosial-iqtisadi inkişafına təkan verəcək və turizm potensialının artırılmasına səbəb olacaqdır.

       Laçın rayonunun əhalisi isə “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq gələn ilin sonuna qədər doğma ocaqlarına qayıdacaqlar.

       Qarabağın tacı doğma Laçın, qayıdışın mübarək!

 

Arzu Məmmədova

Bakı şəhəri  226 №-li tam orta məktəbin direktoru

Infoteka.az