Infoteka.az
İdman

UEFA “Neftçi” ilə oyun ərəfəsində “Beşiktaş”ı cəzalandırdı

Türkiyənin “Beşiktaş” klubu UEFA Avropa Konfrans Liqasının III təsnifat mərhələsində “Neftçi” ilə oyun ərəfəsində qitə futbol qurumu tərəfindən cəzalandırılıb.

İstanbul təmsilçisinin Mətbuat Xidmətinin yaydığı məlumata görə, buna turnirin ikinci təsnifat mərhələsinin “Tirana” (Albaniya) ilə cavab matçında “Beşiktaş” azarkeşlərinin intizamsız davranışları səbəb olub.

Klub 40 min avro cərimələnib. Buna bənzər hadisənin təkrarlanacağı təqdirdə komanda növbəti səfər oyununda azarkeş dəstəyindən məhrum olacaq.

“Tirana” ilə görüşdə qırmızı vərəqə alan və iki oyunluq cəzalandırılan Artur Masuakunun cəzası isə azaldılıb. UEFA fransalı müdafiəçinin cəzasını bir oyuna endirib. Bu isə o deməkdir ki, futbolçu Azərbaycan təmsilçisinə qarşı cavab matçında meydana çıxa bilər.

Qeyd edək ki, “Neftçi” ilə “Beşiktaş” arasında ilk görüş avqustun 10-da Bakıda, cavab matçı isə avqustun 17-də İstanbulda keçiriləcək.

Infoteka.az