Ermənistan hökumətinə yaxın “Telegram” kanalları Rusiyanın İrəvanda dövlət çevrilişi hazırlaması barədə məlumat yayıblar. Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin NEWS.ru ilə söhbətində bu şayiələri cəfəngiyyat adlandırıb.
Onun sözlərinə görə, bu cür açıqlamalar verməzdən və ittihamlar irəli sürməzdən əvvəl məlumatı təsdiq edəcək real faktları təqdim etmək lazımdır.
“Belə şeyləri ifadə etmək üçün rəqəmlər, faktlar təqdim etmək lazımdır. Hansısa virtual sxemlər ortaya atıb bütün dünyaya bu barədə hayqırmaq isə elə də ağıllı olmayan, daha doğrusu, axmaq siyasətçilərin işidir. Bu cür bəyanatlar Rusiyaya qarşı düşmənçilik yaratmaq üçün yayılır”, - deyə politoloq bildirib.
Karasin vurğulayıb ki, belə iddialar vəziyyəti qarışdırmaq və bu yolla məqsədlərinə çatmaq istəyənlər üçün lazımdır.