Novruz bir bayram kimi baharın gəlməsi münasibətilə geniş miqyasda qeyd olunur və sevincli bir hala - qışın qurtarmasına və baharın gəlişinə həsr olunur. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Elmi araşdırmalar Novruz bayramının ibtidasını çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər.
Novruz bayramı Azərbaycan xalqının ən mühüm və sevimli bayramlarından biridir. O, yazın gəlişini və 20-21 mart astronomik yeni ilin başlanmasını bildirir. Bayram bir neçə gün davam edir, lakin onun üçün hazırlıq qışın son ayından başlayır. Bu bayramın mahiyyəti ondan ibarətdir ki, insanlar köhnə illə, qışla vidalaşaraq, təbiətin oyanışını bildirən bu bayramı qarşılamağa hazırlaşırlar.
Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Qədim köklərə malik olan bu bayram bir çox adət və ənənələrə malikdir. Bu adət ənənələr məhv olan və canlanan təbiətlə, sehrli qüvvələrlə bağlıdır. Ay ərzində hər həftənin çərşənbə axşamı günü 4 ünsürə - su, od, torpaq və bayram qabağı sonuncu çərşənbə axşamı - “Axır çərşənbə” küləyə həsr olunur, həmin gün agaclarda tumurcuqlar açır və yaz gəlir. Hesab edilir ki, birinci çərşənbədə su hərəkətə gəlir və yenilənir, ikinci çərşənbədə tonqal qalanır. Bu günlərin hər biri ilə xalq arasında inanclar, şeirlər, ayinlər, oyunlar mövcuddur.
Ən mühüm və əhəmiyyətli "axır çərşənbə" hesab edilir. Bu gün öz milli xüsusiyyətləri ilə zəngin olan bir gündür və evdə təmizlik işlərini və bayram yeməklərini hazırlayıb çatdırmaq lazımdır. Əvvəlcədən səməni yetişdirilir, yumurta boyanır və milli şirniyyatlar bişirilir. Bayram qabağı hamı bir-birini təbrik edir. Bayram süfrəsində ailə üzvlərinin sayı qədər şam yandırılır və niyyət edilir. Uşaqlar adətə görə qonşuların qapılarına papaq atır və gizlənirlər, sonra bayram şirniyyatı ilə doldurulmuş papaqlarını götürürlər. Axşam düşdükdən sonra küçələrdə tonqallar qalanır, ətrafına toplananlar oynayır, xəstəliklərdən, pisliklərdən təmizlənmək üçün tonqaldan tullanırlar.
Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava - yer kürəsinin 4 istiqamətini, qoğal-günəşi, şəkərbura-ayı, rənglənmiş yumurta-həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 7 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni və s. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Adətə görə, bayramın ikinci günü vəfat etmiş doğmaların, yaxınların xatirəsini yad etmək məqsədilə mərhumların qəbirləri ziyarət edilir.
Novruz bayramı 2009 – cu ildə YUNESKO tərəfindən qeyri -maddi mədəni irs siyahısına daxil edilmiş, 2010 – cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi ” Beynəlxalq Novruz Günü” elan edilmişdir. Hal hazırda da bu bayram eyni qayda ilə qeyd olunur.
Novruz bayramınız mübarək!