Infoteka.az
Sosial

Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub

Martın 17-si “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümumrayon tədbiri keçirilib.

Meydanın ortasında yerləşdirilən səməni, eləcə də Novruzun personajları olan Bahar qızı, Keçəl, Kosa, cəngavərlər, poeziyamızda xüsusi yeri olan Nizami, Füzuli, Nəsimi, Xurşidbanu Natəvan, Molla Pənah Vaqif, Məhsəti Gəncəvi kimi dünyaşöhrətli söz ustadlarımızın obrazlarını canlandıran aktyorlar, maskodlar, xadulistlər şənliyə gələn qonaqlara yüksək bayram əhval-ruhiyyəsi bəxş ediblər.

Məclisə faytonda daxil olan el ağsaqqalı Dədə Qorqudun cəngavərlərlə birgə “Atəşgah Məbədi”ndən götürdüyü odla bayram tonqalını alovlandırması və xalqımızı qədim el bayramı münasibətilə ürəkdən təbrik etməsi Novruz şənliyinin ən maraqlı məqamlarından biri olub. Həmçinin tədbirdə tanınmış incəsənət xadimlərinin sevilən ifaları rəğbətlə qarşılanıb. 

Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevin, Milli Məclis deputatlarının, şəhid ailələrinin, qazilərin və rayon ictimaiyyətinin qatıldığı bayram şənliyində müxtəlif oyunlar, ümumi və məktəbəqədər təhsil müəssisələrinin Novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları və maraqlı çıxışları, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Adil Əliyev Novruz bayramı münasibətilə rayon sakinlərini təbrik edib, bol ruzi-bərəkət və əmin-amanlıq arzulayıb.

Həmçinin o, Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qədirbilən xalqımızın qətiyyətli Ali Baş Komandanı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın da mədəni-mənəvi irsimizə xüsusi diqqətlə yanaşmaları, eləcə də Müzəffər Ali Baş komandanın rəhbərliyi ilə bütövləşmiş yurdumuzun hər guşəsində şanlı qələbəmizin əbədi bahar gətirdiyi bu əziz bayramın zəfər ovqatı ilə qeyd edildiyini diqqətə çatdırıb.

Xalqımızın azadlığı uğrunda qəhrəmanlıq dastanı yazan bütün şəhidlərimizin xatirəsi bu əziz gündə bir daha ehtiramla yad edilib.

Şəhid ailələrinə Novruz bayramı münasibətilə xonçalar, bayram sovqatları verilib.

Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub
Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub
Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub
Novruz bayramı Suraxanı rayonunda böyük izdihamla qeyd olunub
Infoteka.az