Xalq təqviminə görə, qış fəsli üç hissəyə bölünür: dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə (40 gün), yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə (20 gün), fevralın 20-dən martın 20-dək isə Boz aydır. “Çillə” ağrı-acı deməkdir ki, bu da qışın sərtliyinin insan düşüncəsində obrazlaşmış ifadəsidir.
Qədimlərdən bu yana ulularımız sərt qışda həmişə yaz ümidi ilə yaşayar, Yeni günün - Novruzun gəlişini səbirsizliklə gözləyərdilər. Novruzqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.
Novruz öncəsi dörd ilaxır çərşənbə özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də özündə simvollaşdırır
Bu gün yazın gəlişini xəbər verən Novruzun ilk - Su çərşənbəsidir.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir.
Bu çərşənbə “əzəli çərşənbə”, “gül çərşənbə” də adlandırılır. Qədim inanclara görə, bu çərşənbə suya tapınma inancı ilə başlayır. İnanca görə “təzə su”, yəni səhər dan yeri sökülməmiş götürülən köpüklü ağ su min bir dərdin dərmanı sayılır.
Su çərşənbəsində masa üzərinə su qoymaq, masada suyun aşması xeyirliyə yozulur. Əgər süfrənizdə su aşıb tökülərsə, həmin ilin sizin üçün bol bərəkət gətirəcəyi gözlənilir.
Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 07:06:21-də daxil olacaq. Martın 20-21-i Azərbaycanda Novruz bayramı qeyd olunur.