1992-ci ildən etibarən Ümumdünya Səhiyyə Təşkilati oktyabr ayını Süd vəzi xərçəngi (SVX) ilə mübarizə ayı elan edib. Simvolik olaraq, bu ay "çəhrayı lent" ilə xarakterizə olunub. ÜST bütün qadınları ildə bir dəfə müayinəyə səsləyir.
İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı ATU-nun Tədris Terapevtik Klinikasının Radiologiya şöbəsinin müdiri, Şüa diaqnostikası və şüa terapiyası kafedrasının assistenti, mammoloq-radioloq Günel Qəmbərova bəzi vacib məqamları nəzərə çatdırıb:
"Süd vəzi xərçəngi - dünyada yayılmış ən geniş xərçəng növüdür. Hər il dünyada 400000 insana SVX diaqnozu qoyulur. Bu, 29 saniyəyə bir xəstə deməkdir. Ümumilikdə hər 8 qadından birində SVX-yə rast gəlinir. Türkiyədə 40 yaşdan aşağı qadınlarda SVX diaqnozu saya görə dünyada birinci yerdədir. Azərbaycanda hər 8 qadından biri süd vəzi xərçəngindən əziyyət çəkir və bu rəqəm ilbəil artmaqdadır. Üstəlik də, bu xəstəlik artıq çox gəncləşib".
Həkim bu istiqamətdə maarifləndirmə işlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib:
"Dünyanın bütün ölkələrində süd vəzi xərçəngi bədxassəli şişlər arasında birinci yeri tutur və qadınların bütün onkoloji xəstəliklərinin 26 faizini təşkil edir. Bu göstəricinin son 10 ildə proqressiv artması müşahidə olunur. Azərbaycanda süd vəzi xərçənginə rastgəlmə tezliyi son 15 ildə yüksəlib və bu hələ son hədd deyil. Son illər ərzində ölkəmizdə qadınların bütün bədxassəli yenitörəmələr ilə xəstələnmə halları arasında birinci yeri tutaraq 32,3% təşkil edir. Süd vəzi xərçənginin diaqnostikası və müalicəsində əldə olunan nailiyyətlərə baxmayaraq, bu patologiya ilə ölüm hallarının göstəricisi yüksək olaraq qalır. Ancaq unutmayaq ki, əgər SVX erkən aşkarlanıbsa, müalicə effekti 99 faizdir. Erkən aşkarlanma nə deməkdir: pasiyentin heç bir şikayəti yoxdur, ancaq mammoqrafiya müayinəsində mikrokalsinatlar toplusuna rast gəlinir. Bu isə ilk əlamət sayıla bilər".
Mütəxəssisin sözlərinə görə, aparılan işlərin nəticəsidir ki, 35 yaşadək qadınlar ən azı bir dəfə mammoloq konsultasiyasından, ultrasəs müayinədən keçirlər. Bu da həkimlərə xəstəliyə erkən diaqnoz qoyulmasında kömək edir:
"Son dövrlərdə erkən diaqnostikanın aparılmasına nail olmuşuq və demək olar ki, ölkəmizdə süd verən anaların xərçəngə yoluxma riski azdır. Burada maarifləndirmə işləri, televiziya proqramları, sosial media böyük rol oynayır".
Sözünə davam edən G.Qəmbərova bildirib ki, hər il olduğu kimi, bu il də müxtəlif maariflənmə xarakterli paylaşımlar, TV və mətbuatda aktiv çıxışlar edirlər. Bu aya özəl olaraq, həkim qəbulu ödənişsiz həyata keçirilir. Hazırda rəhbəri olduğu şöbədə süd vəzi xərçənginin erkən aşkarlanmasında 97 faiz dəqiqlik göstərən, radioloji müayinələr içərisində "qızıl standart" kimi dəyərləndirilən rəqəmsal mammoqrafiya aparatı fəaliyyət göstərir.
Oktyabr - Süd vəzi xərçəngi ilə mübarizə ayıdır. “Erkən qoyulmuş diaqnoz həyatı qurtarır” - devizi ilə ATU-nun Tədris Terapevtik Klinikası xanımları müayinə olunmağa səsləyir.