"Cavanşir müəllimin adı harada keçirsə, sorğu-sualsız onun yanındayam. Müğənni olsam da, olmasam da belə olacaq".
İnfoteka.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Axşam havası" proqramında deyib. Aktrisa illər əvvəl oxuduğu "Məhəbbət olmayanda" mahnısından danışıb. İsgəndərli bildirib ki, müəllifi Cavanşir Quliyevin olduğu bəstə onun həyatında önəmli yer tutur:
"Universitet illərindən fikrim aktrisalıq idi. İddiam, fikrim olmayıb ki, klip çəkdirərəm, müğənni olaram. Yorulmadan deyirəm, Cavanşir müəllim bir gündə həyatımı dəyişdi. Gözləmədiyim halda müğənni kimi qəbul olundum. Həm də istəmədiyim halda. Ona minnətdaram. Teatrda oynayırıq, filmə çəkilirik, amma musiqinin gücü daha böyükdür. Hara gedirəm həmin mahnı "vizit kart"ım olub".
Proqramda yer alan C.Quliyev "Gözlənilməz oldu. Tək o yox, başqa sevilən mahnıları da düşündüm. Yaxşı mahnı yazmaq, oxumaq azdır. Bir çox hadisələr bir yerə gəlməlidir, onda bəstə partlayır: klip, müğənninin ifa tərzi, sözlər və musiqi, psixoloji anlar..." sözlərini əlavə edib.