Infoteka.az
İqtisadiyyat

Energetika sahəsində fəaliyyət bazar münasibətləri əsasında qurulacaq

Energetika sahəsində fəaliyyət bazar münasibətləri və azad rəqabət əsasında qurulacaq.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” qanun layihəsində əksini tapıb.

Energetika sahəsində fəaliyyətin bazar münasibətləri və azad rəqabət əsasında qurulması aşağıdakılar vasitəsilə təmin edilir:

- dövlət tərəfindən tənzimlənən qiymətlər istisna olmaqla, energetika sahəsində malların, işlərin, xidmətlərin qiymətlərinin tələb-təklif əsasında formalaşdırılması;

- qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, energetika subyektlərinin fəaliyyətinə dövlət tərəfindən müdaxilə edilməməsi;

- energetika subyektləri arasında, habelə energetika subyektləri ilə enerji istehlakçıları arasında münasibətlərin müqavilə əsasında tənzimlənməsi;

- energetika sahəsində inhisarçılığın yaranmasına, rəqabətin digər şəkildə məhdudlaşdırılmasına və (və ya) haqsız rəqabətə qarşı tədbirlər görülməsi.

Energetika sahəsində təbii inhisar subyektlərinin fəaliyyət sahələri “Təbii inhisarlar haqqında” qanun ilə müəyyən edilir və həmin Qanuna uyğun olaraq həyata keçirilir.

Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər bir energetika subyekti və istehlakçı heç bir maneə və ya ayrı-seçkilik olmadan energetika sahəsində fəaliyyət göstərən təbii inhisar və ya dövlət inhisarı subyektinin mal, iş və xidmətlərini, dövlət tərəfindən tənzimlənən qiymətlər tətbiq edilməklə və energetika sahəsinin müxtəlif sektorlarını tənzimləyən normativ hüquqi aktlarla və ya normativ xarakterli aktlarla müəyyən edilmiş şərtlərlə əldə etmək hüququna malikdir.

2028-ci il iyulun 1-dən təbii inhisar və ya dövlət inhisarı subyekti nəzərdə tutulan hüququ təmin etməkdən yalnız inhisarçı mövqe tutan müvafiq energetika obyektlərinin və ya energetika şəbəkələrinin həcmləri və ya gücləri çatışmadıqda, tənzimləyici tərəfindən müəyyən edilmiş obyektiv texniki və iqtisadi meyarlarla əsaslandırmaqla imtina edə bilər. Energetika subyekti və ya istehlakçı imtinanın əsaslı olub-olmamasını müəyyən etmək məqsədilə tənzimləyiciyə müraciət etmək hüququna malikdir. Tənzimləyici imtinanın əsassız olduğunu müəyyən etdikdə, onun tələbi ilə təbii inhisar və ya dövlət inhisarı subyekti öz mal, iş və xidmətlərinin energetika subyekti və ya istehlakçı tərəfindən əldə edilməsini təmin edir.

Infoteka.az