Infoteka.az
Siyasət

Azərbaycan-Qırğızıstan qardaşlığı yüksələn xətlə inkişaf edir

Qırğız Respublikası nöqteyi-nəzərindən Azərbaycan bir çox istiqamətlər üzrə qabaqcıl təcrübə və yanaşmalara sahib unikal dövlətdir

Son illər Azərbaycanın türk dövlətləri ilə əlaqələri intensiv şəkildə inkişaf etməkdədir. Təkcə bu il reallaşan Qırğızıstan və Qazaxıstan Prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri, imzalanan sənədlər və əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir. Bu baxımdan dost və qardaş Qırğız Respublikası ilə Azərbaycan arasında münasibətləri yüksək dəyərləndirmək olar. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev oktyabr ayının 11-də Qırğızıstan Respublikasına rəsmi səfər etdi. Bu səfərin əhəmiyyəti, imzalanan sənədlər, əldə olunan razılaşmalar və münasibətlərin gələcək perspektivi haqqında danışmazdan öncə Azərbaycan-Qırğızıstan münasibətləri barədə qısaca arayış vermək istərdim. Tarix sübut edir ki, Azərbaycan və Qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə sıx tellərlə bağlıdırlar. İki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır.

Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. Lakin bu əlaqələr ilk vaxtlar özünün intensivliyi ilə seçilməyib. 1 aprel 2002-ci ildə Qırğızıstan Azərbaycanda Fəxri Konsulunu təyin edib. 16 may 2007-ci ildə Azərbaycan Respublikasının Qırğızıstanda səfirliyi açılıb, 18 yanvar 2008-ci ildə isə Qırğızıstan Azərbaycana yeni səfirini təyin edib. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. 1993-cü ilin dekabrında Türkmənistanda MDB Dövlət Başçıları Şurasının iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə Qırğızıstan Prezidenti Əsgər Akayevin ikitərəfli görüşü keçirilib. Görüş zamanı iki ölkə arasında münasibətləri möhkəmlətmək üçün ənənələrin, mədəniyyətin, dinin ümumiliyi, dil yaxınlığı kimi möhkəm bünövrənin olduğu vurğulanıb. Azərbaycan Prezidenti Heydər Əliyev 1995-ci ilin avqustunda Türkdilli Dövlət Başçılarının üçüncü sammitində iştirak etmək üçün Qırğızıstana gedib. Ölkə başçısı Qırğızıstan Prezidenti Əsgər Akayevlə görüşüb. Görüş zamanı iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlərin müzakirəsinə ciddi ehtiyac olduğu bildirilib.

Azərbaycan-Qırğızıstan əlaqələri son illər özünün ən yüksək səviyyəsinə çatmaqla inkişaf edib. Prezident İlham Əliyevin Qırğızıstanda böyük təmtəraqla qarşılanması və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun İlham Əliyev haqqında söylədiyi fikirlər münasibətlərin qardaşlıq müstəvisində olduğunun bariz nümunəsidir. Sadır Japarovun Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında səsləndirdiyi fikirlərə görə, Prezident İlham Əliyevin Bişkekə səfəri Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamıdır: “Bizim qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və fəaliyyət alqoritmini, eləcə də istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi durur. Biz dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud olan və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.

Onu da qeyd edək ki, oktyabrın 11-də Bişkekdə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar”ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum”unu Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandum"unu Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Qırğız Respublikasının Ticarət və Sənaye Palatasının prezidenti Marat Şarşekeyev imzaladılar.

"Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bişkek şəhərinin meri Emilbek Abdıkadırov imzaladılar.

"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının təbii sərvətlər, ekologiya və texniki nəzarət naziri Dinara Kutmanova imzaladılar.

"Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol"u Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının Sosial Fondunun sədri Bəxtiyar Əliyev imzaladılar.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı"nı Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov və Qırğız Respublikasının kənd təsərrüfatı naziri Askarbek Canibekov imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş"i Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov və Qırğız Respublikasının Nazirlər Kabinetinin sədr müavini Bakıt Torobayev imzaladılar. Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev Qırğızıstan Prezidentinə qardaş ölkəyə səfərə dəvətinə görə minnətdarlığını bildirib: “Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, bu, mənim ilk rəsmi dövlət səfərimdir. Mən əvvəllər də Qırğızıstanda olmuşam. Lakin bu, beynəlxalq təşkilatların işində iştirakla bağlı olub, bu, beynəlxalq tədbirlər olub. Buna görə də mənim indiki səfərim xüsusi əhəmiyyət kəsb edir. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, cəmi yarım il bundan əvvəl biz onu Bakıda qəbul etmişdik, bu gün mən Bişkekdəyəm. Bu, onu göstərir ki, biz nəzərdə tutduqlarımızı daha tez həyata keçirmək niyyətindəyik. Bir qayda olaraq, cavab səfərləri bir ildən tez baş tutmur. Bizim halda bu, yarım il çəkdi. Bu, məhz onu nümayiş etdirir ki, biz nəticələrə hədəflənmişik. Məmnunluqla deməliyəm ki, Bakı görüşü zamanı bizim nəzərdə tutduqlarımızın bir hissəsi artıq icra olunub. İlk növbədə, birgə Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarı vurğulamaq istərdim. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək”.

Bir vacib məqamı qeyd etmək yerinə düşərdi ki, bu, Azərbaycanın dövlət başçısının son 20 il ərzində Qırğız Respublikasına ilk səfəri idi. Səfər zamanı, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Sazişin imzalanması, iki ümumtəhsil məktəbinin – Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışlarının edilməsi iki ölkə arasında münasibətlərdə həqiqətən ciddi dəyişikliklərin baş verdiyini göstərir. Sözsüz ki, Qırğız Respublikası nöqteyi-nəzərindən Azərbaycan bu gün iqtisadi artım, innovasiyaların, təhsil sahəsinin inkişafı və s. təminatında bir çox müasir istiqamətlər üzrə qabaqcıl təcrübə və yanaşmalara sahib unikal dövlətdir. Azərbaycanda toplanan bilik və bacarıqlar, o cümlədən 2020-ci il 44 günlük Vətən müharibəsində öz ərazilərinin Azərbaycan yurisdiksiyasına qaytarılması istiqamətində Azərbaycanın unikal təcrübəsi Qırğızıstan tərəfinin böyük marağına səbəb olub. Həmçinin, türk dövlətləri təşkilatı çərçivəsində də əlaqələrimiz dinamik inkişaf tempinə malikdir. Fundamental məsələlərdə mövqelərimiz üst-üstə düşür. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müşahidəçi statusunu almasında Bişkekin Bakıya verdiyi töhfəni də qeyd etməliyik. Qırğızıstan KTMT-nin üzvü olsa da, Ermənistan təcavüzünə qarşı hər zaman Azərbaycanın mövqeyini müdafiə edib. Qırğızıstanda hesab edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyevin səfəri çox məzmunlu olub. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırır. Hər iki ölkənin məqsədi Türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Onlar belə vacib missiyanın da öhdəsindən layiqincə gəlirlər. Qırğızıstan və Azərbaycan arasında yeni münasibətlərin qurulması ölkələr arasında qarşılıqlı ikitərəfli əməkdaşlığın örnəyi olacaq.  

 

Pərvin Mahmudov

Deputat köməkçisi

Infoteka.az