Infoteka.az
Siyasət

Azərbaycan və Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfələr verəcək

Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfərinin uğurlu nəticələri Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qırğız Respublikasına səfəri iki qardaş dövlət və xalq arasında əlaqələrin inkişafı, münasibətlərin yeni müstəviyə keçməsi baxımından çox önəmlidir.

Bu səfərdə imzalanan sənədlər Azərbaycanın bölgədə, o cümlədən dünyada, xüsusən də türk dövlətlərinin birliyi istiqamətində yürütdüyü aktiv siyasətin davamı kimi də qəbul oluna bilər. Bütün bu fəaliyyətlər Vətən müharibəsindən sonra nüfuzu daha da artmış Azərbaycanın xarici siyasətinin uğurlu olmasının göstəricisidir. Biz müşahidə edirdik ki, Azərbaycan türk dövlətlərilə, başda Türkiyə olmaqla, Qazaxıstanla, Özbəkistanla ikitərəfli münasibətləri inkişaf etdirmək üçün ciddi addımlar atır. Hazırda bu məntiqli siyasətin davamı kimi Qırğızıstanla əlaqələr yenilənir, inkişaf etdirilir.

Cənab İlham Əliyevin səfəri çərçivəsində hər iki ölkənin başçısının iştirakı ilə Azərbaycan və Qırğızıstan arasında birinci Dövlətlərarası Şuranın iclasının keçirilməsi münasibətlərin inkişafında yeni və daha güclü təməllərin əsasının qoyulması deməkdir. Bununla yanşı imzalanan sənədlər əhəmiyyətinə görə çox ciddi məqamları əhatə edir. Bu sənədlərin imzalanması Azərbaycan-Qırğızıstan münasibətlərinin nəticələrə hədəfləndiyini göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində iki dövlət arasında “Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında” Saziş imzalanıb.

Qırğızıstan mətbuatına istinadən xəbər verir ki, İnkişaf Fondu beynəlxalq təşkilat olacaq. Bu fond beynəlxalq müqavilələr bağlamaq hüququna malik olan beynəlxalq hüququn subyekti olacaq. İnkişaf Fondu Azərbaycan və Qırğızıstan arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, iqtisadiyyatı modernləşdirmək və inkişaf etdirmək məqsədilə yaradılıb. Birgə ikitərəfli investisiya fondunun nizamnamə kapitalı 25 milyon ABŞ dollarıdır. Onun mənzil-qərargahı Bişkekdə yerləşəcək. Fondun yaradılması investisiya sahəsində əməkdaşlığın aktivləşməsi və genişlənməsinə təkan verəcək. Azərbaycan-Qırğızıstan İnkişaf Fondu qeydiyyatdan keçmiş və fəaliyyət göstərən sahibkarlıq subyektlərinə kreditlər və borclar verəcək, kapitalda iştirak edəcək və digər maliyyə alətlərindən istifadə etməklə, o cümlədən aşağıdakı sahələr üzrə təsisçilər üçün prioritet layihələrə investisiya qoyacaq: aqrar-sənaye kompleksi, su təchizatı sektoru, səhiyyə sektoru, avtomobil sənayesi, elm, tədqiqat və texnologiya, təbii qaz sənayesi, geyim və tekstil sənayesi, mədənçıxarma və metallurgiya sənayesi və s.

Qırğızıstan-Azərbaycan birgə inkişaf fondu inkişafa, investisiyaların cəlb olunmasına, iş yerlərinin yaradılmasına xidmət edəcək və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yol açacaq. Məlumata görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də Bişkekdə Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata açıqlamasında deyib.

Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarılıb : “Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Bəyannamə uğurla həyata keçir. Bəyannamə daha konkret məzmunla zənginləşir. Birgə İnvestisiya Fondunun yaradılması barədə qərar belə amillərdən biridir.

İki ölkə arasındakı əməkdaşlıq nəticələrə hədəflənib və nəzərdə tutulandan daha tez həyata keçir. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Effektiv əməkdaşlığın konkret nümunələri də ortadadır.

Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu əməkdaşlığın sayəsində Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər.

Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq və bu da bizlərə mədəniyyət sahəsində yeni əməkdaşlıqlar bəxş edəcək.

Cənab Prezident İlham Əliyevin də vurğuladığı kimi, Türk dünyası yeni potensial əldə edəcək. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfələr verəcək.

 

Elvina Əhmədova

Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin direktoru

Infoteka.az