Infoteka.az
Siyasət

Qardaş ölkələrlə əməkdaşlığın yeni mərhələləri

Qırğızıstanın əsas əhalisi olan qırğızlar türk dünyasının ən qədim nümayəndələrindən biridir. Qədim mənbələrdə qırğızlar "qumral saçlı, mavi gözlü və uzun boylu" kimi təsvir edilirlər. Tarixdə ilk Qırğız dövləti eradan əvvəl ikinci yüzildə indiki Qırğızıstan ərazisində qurulmuşdur. Uzun və keşməkeşli tarixi yol keçən qırğızlar bu gün digər türk respublikaları kimi müstəqilliyinə qovuşur, müstəqil siyasət yürüdür. Məhz bunun nəticəsidir ki, bu gün türk dövlətləri bir-biri ilə üçüncü tərəfin müdaxiləsi və idarəsi olmadan iqtisadi, siyasi, mədəni əlaqələr qurur, müqavilə və sazişlər imzalayaraq gələcək əməkdaşlığın xəritəsini müəyyənləşdirirlər.

Türk Dövlətləri Təşkilatına üzv olan (Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan) və olmayan (Türkmənistan) dövlətləri bir-biri ilə müxtəlif səviyyələrdə əlaqələr qurur, dövlət başçıları səviyyəsində görüşlər, qarşılıqlı ziyarətlər həyata keçirirlər. Təkcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin son bir neçə ildəki səfərləri Türk Dövlətləri Təşkilatının kifayət qədər ciddi təşkilat olduğundan, qarşıya qoyulan məsələlərin, əldə olunan razılaşmaların gələcək perspektivlərinin əhəmiyyətindən xəbər verir. Elə Prezident İlham Əliyevin bu ilin 11 oktyabr tarixində Qırğızıstana dövlət səfəri də buna bariz nümunədir. Prezident İlham Əliyev Bişkekdə mətbuata verdiyi bəyanatda Qırğızıstan-Azərbaycan arasında münasibətlərə toxunaraq iki ölkə arasındakı əməkdaşlığın nəzərdə tutulduğundan daha tez həyata keçdiyini, effektiv əməkdaşlığın konkret nümunələri kimi Azərbaycanın iki peykinin (“Azersky” və “Azerspace-1”) Qırğız tərəfdaşlarımıza xidmətlər göstərdiyini, nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlandığını misal göstərmişdir.

Mədəni sahədə də davamlı inkişafın olması kökü, dili, dini bir olan qırğız qardaşlarımızla əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Bakı və Bişkekin qardaşlaşmış şəhərlərə çevrilməsi, Bişkekdə ən böyük məktəblərdən birinə Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adının, digər məktəbə isə dahi Azərbaycan şairi Nizami Gəncəvinin adının verilməsi, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması, Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın da Qırğızıstan şəhərləri ilə qardaşlaşacağı, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi xalqlarımıza ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa imkan verəcək, münasibətlərin gələcək perspektivlərinin daha da inkişaf etməsinə təkan olacaq.

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar isə inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.

Bütün bunları Prezident İlham Əliyev türk dünyasının yeni potensialı kimi dəyərləndirir və hər iki ölkə arasında inkişaf edən münasibətlərin türk dövlətlərinin qardaşlıq münasibətlərinin, eləcə də noyabrda keçiriləcək Zirvə Görüşünün həmrəyliyimizin möhkəmlənməsi işinə fəal töhfə verəcəyini xüsusi vurğulayır.

Təbii ki, kökü bir, ortaq dəyərlərə, adət-ənənələrə, mənəvi və maddi mədəniyyətə, qədim və zəngin ortaq tarixə malik olan xalqlarımız arasında siyasətdən uzaq qardaşlıq duyğuları mövcuddur. Lakin müasir dövrdə müstəqil dövlətlər olaraq bu qardaşlıq münasibətlərindən yola çıxaraq siyasiləşmiş dünya ilə eyni səviyyədə, onun öz dilində danışmaq üçün qanuni sənədlər lazımdır. Artıq yarım ildir ki, Azərbaycan və Qırğızıstan rəsmi şəkildə strateji tərəfdaşdırlar. Uğurla həyata keçən Bəyannamə birgə İnvestisiya Fondunun yaradılması barədə qərarla yeni, daha konkret məzmunla zənginləşəcək.

Güllü Yoloğlu

tarix elmləri doktoru, türkoloq

Infoteka.az