Infoteka.az
Siyasət

BMT TŞ-da Ermənistan özünü gülünc vəziyyətə saldı

Ermənistan və Fransa BMT Təhlükəsizlik Şurasında növbəti dəfə fiaskoya uğradılar. Azərbaycanın öz ərazisində sentyabrın 19-da başlatdığı və bir gün ərzində yekunlaşdırdığı lokal antiterror tədbirlərini "fürsət" bilən Ermənistan, onun Qərbdə əsas dəstəkçisi olan Fransa və Almaniya kimi riyakar siyasət aparan bir sıra digər dövlətlər düşünürdülər ki, BMT tribunasından səsləndirəcəkləri yalan, saxta məlumatlarla dünyanı aldada biləcəklər və nəhayət öz arzularına çataraq, Azərbaycan əleyhinə qətnamənin, heç olmasa bəyanatın qəbuluna nail olacaqlar. Və bunu əllərində əsas götürərək ölkəmizə qarşı pozucu fəaliyyətlərini davam etdirəcəklər. Lakin proqnoz edildiyi kimi, Azərbaycana qarşı hər hansı qərar, qətnamə qəbul edilmədi, sadəcə müzakirə edib, bitirdilər. Bundan əvvəl, avqustun 16-da BMT TŞ-dakı müzakirələrdə olduğu kimi. Belə ki, bu ilin avqustunda Ermənistan Qarabağın erməni sakinlərinin guya "blokadaya alınması" məsələsinə BMT-nin iclasında baxılmasına cəhd edib. Bundan əlavə, 2022-ci ilin dekabrında Fransa "Laçın dəhlizi" adlandırılan məsələni gündəmə gətirməyə cəhd etdi. Lakin bu cəhdlərin hamısı iflasa uğradı.

Fransa müzakirələr zamanı öz riyakarlığını növbəti dəfə ortaya qoydu ki, artıq bu, heç kimi təəccübləndirmir, digər çıxış edən dövlətlərin təmsilçilərinin əksəriyyəti demək olar ki, Azərbaycanın indiyədək dediklərini təkrarladılar, məsələlərin sülhlə, dialoqla həllinin vacibliyini vurğulayıb, antiterror tədbirlərinin dayandırılmasını alqışladılar. Həmçinin ölkəmizin ərazi bütövlüyünə öz dəstəklərini ifadə etdilər. Bakı da illərdir ki, bölgədə sülhdən, bütün məsələlərin məhz dialoqla həllindən danışır.

Ermənistan isə bu iclasda təkcə fiaskoya uğramadı, xarici işlər naziri Ararat Mirzoyan Baş nazir Nikol Paşinyanı təkzib edən mətn səsləndirməklə həm də öz yalanını elə özü ifşa etdi. Bu, bir ölkənin baş diplomatı üçün utancverici çıxış idi. Saxtakarlığın, yalanın bu həddi artıq abırsızlığın nümayişi idi. Məsələn, Mirzoyan saxtakarlıq dolu çıxışında guya 10 aylıq "blokadaya" görə insanların ac qaldığını bildirdi. Hansı ki, heç bir blokadadan söhbət gedə bilməz. Rusiya yardımı da, BQXK-nın yardımı da Qarabağ sakinlərinə çatdırılıb. Antiterror tədbirlərindən sonra Azərbaycan da yardımla təminata başlayıb. Daha əvvəl də yardım maşınları göndərilsə də, bu, qəbul edilmirdi. İkincisi, Mirzoyan guya mülki sakinlərin, uşaqların hədəf alındığına dair yalanlar uydurub. Abırsızlığı sərhəd tanımayan Mirzoyan hətta sosial şəbəkələrin Azərbaycan seqmentində guya itkin düşən uşaq və qadınların tapılması, təcavüz edilməsi çağırışları olduğunu bildirib.

İndi isə qeyd etdiyimiz kimi, Paşinyanın açıqlamasına diqqət edək: "Sosial şəbəkələrdə Qarabağda mülki əhali arasında kütləvi itkilər barədə məlumatlar həqiqətə uyğun deyil. Zərurət yaranarsa, ermənilərin Qarabağdan çıxarılması məsələsinə baxacağıq, hazırda onlar üçün heç bir təhlükə yoxdur".

Azərbaycan tərəfi də BMT trubunasından Mirzoyanın yalanını elə Paşinyanın sitatını xatırlatmaqla verdi. Xarici işlər naziri Ceyhun Bayramov çıxışında bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələrinin mülki şəxsləri qəsdən hədəfə alması ilə bağlı ittihamlar foto və video dəlillərlə sübut olunduğu kimi əsassız və yalandır. Antiterror tədbirləri müstəsna olaraq Azərbaycanın suveren ərazisindəki legitim hərbi hədəflərin zərərsizləşdirilməsinə yönəlmişdi.

"Məndən əvvəl səsləndirilən çıxışlar, o cümlədən, Ermənistan nümayəndə heyətinin bəyanatında Azərbaycana qarşı əsassız ittihamların tirajlanması fonunda, mən sadəcə Şuranın diqqətini Ermənistan Baş naziri tərəfindən verilən, Qarabağda erməni sakinlərə qarşı birbaşa təhdidin olmaması və onlara qarşı kütləvi zarakılıq törədilməsi ilə bağlı xəbərlərin doğru olmadığının ictimai şəkildə təsdiq edildiyi ən son bəyanata cəlb etmək istəyirəm", -Azərbaycanın XİN rəhbəri bəyan edib.

Yada salaq ki, Azərbaycan İkinci Qarabağ müharibəsində də, 19 sentyabr antiterror tədbirləri zamanı da mülki əhalini hədəf götürməyib. Ermənilərin 44 günlük müharibə zamanı cəbhədən kənar bölgələrdə mülki əhalini məqsədli şəkildə hədəf almasına baxmayaraq, Azərbaycan mülki əhalinin maksimum zərər çəkməməsinə çalışıb.

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi antiterror tədbirləri başlayan zaman bir neçə dəfə ictimai bəyanatlar verərək mülki əhalini hərbi obyektlərdən uzaq durmağa çağırdı. Oxşar bildirişlər mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə də göndərildi. Azərbaycan Silahlı Qüvvələri yalnız qeyri-qanuni hərbi obyektlərin zərərsizləşdirilməsi üçün yüksək dəqiqliyə malik döyüş sursatlarından istifadə etməklə peşəkarcasına davranış sərgilədi.

Prezident İlham Əliyev 20 sentyabr tarixində xalqa müraciətində bu məqama toxunaraq deyib ki, mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.  Ermənistan tərəfi antiterror tədbirləri zamanı mülki şəxslərin zərər görməsi ilə bağlı heç bir fakt təqdim edə bilməyib, yalnız yalan, cəfəng fikirlər səsləndirməklə kifayətləndi. Artıq belə yalanlarla dünyanı aldatmaq da mümkün deyil. Ona görə də BMT TŞ-da növbəti dəfə Ermənistan diplomatiyası və onun havadarları məğlub oldular.

Azərbaycan dövləti antiterror tədbirlərini BMT nizamnaməsinə uyğun aparıb, məqsəd isə ölkəmizin suverenliyini, təhlükəsizliyini təmin etmək olub. Çünki heç bir suveren dövlət öz ərazisində "boz zona"nın mövcudluğunu qəbul edə bilməz. Azərbaycan da təbii ki, bununla barışa bilməzdi və suverenliyini bütün ərazisində bərpa etməli idi. Bakı buna nail oldu.

Artıq yeni bir səhifə açılıb, bu səhifənin müəllifi də Azərbaycan özüdür. Zaman göstərdi ki, beynəlxalq güclər Ermənistanla əlbir olaraq sadəcə prosesi uzatmaqla məşğuldurlar. Bakı isə təkbaşına bütün məsələləri özü həll etməklə, dünyada bir nümunə oldu, yeni bir president yaratdı.

 

Pərvanə Sultanova

Infoteka.az