"Şəhid ailələrinin mənzil təminatı 2024-cü ilin sonuna kimi hər kəsi əhatə edəcək".
İnfoteka.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin oktyabrın 14-də keçirilən plenar iclasında çıxışı zamanı bildirib.
Demək olar ki, bütün şəhidlərin adlarının əbədiləşdirildiyini vurğulayan deputat şəhid ailəsi üzvləri üçün güzəşt və imtiyazlardan söz açıb. Onun sözlərinə görə, qanunvericilikdə 20-yə yaxın belə imtiyaz nəzərdə tutulub və hamısı da həyata keçirilir: "Mənzil təminatı da 2024-cü ilin sonuna kimi hər kəsi əhatə edəcək.
Bütün təhsil təminatları da dövlət vəsaiti hesabına həyata keçirilir. Gəlin, şəhidlərin ailələri və qazilərin problemlərindən danışanda dövlətin gördüyü işlərə də toxunaq. Vətən müharibəsi ölkəmizin qələbəsi ilə bitib. Bütün dünya təcrübəsində də belədir ki, müharibədən sonrakı 5-10 il dövründə həmin ölkədə postmüharibə sindromu yaşanır. Ona görə də xahiş edirəm ki, bu məsələlərlə bağlı çıxışlara həssas yanaşaq".