Bir müddət əvvəl ikinci dəfə valideyn olan dünya pop səhnəsinin ulduzu Rihanna və repçi sevgilisi “A$AP Rocky” Nyu-Yorkdakı məşhur “Carbone” restoranının girişində paparassilərin obyektivinə tuş gəlib.
Repçi orada sevgilisi ilə 35 yaşını təmtəraqlı şəkildə qeyd edib.
Barbados gözəli Skandinaviya brendinə məxsus “Cecile Bahnsen”dən qara rəngli kostyum geyinib və görünüşünü həcmli halqa sırğalar, topuz saç düzümü və qara gün eynəyi ilə tamamlayıb.
Rakim (əsl adı A$AP Rocky. - Red.) ad günü üçün xüsusi obraz seçib. O “təpədən dırnağa” “Bottega Veneta” markasından geyinib – damalı gödəkçə, cins şalvar, çəhrayı “Andiamo” çanta. Saçını isə musiqiçi mirvari muncuqlarla bəzəyib.
Qeyd edək ki, Rihanna və “A$AP Rocky” arasındakı münasibətlər 2020-ci ildə məlum olub.
Bundan əvvəl musiqiçilər uzun illər mehriban münasibətdə idilər. Cütlüyün böyük oğlu “RZA Athelston Mayers” (Riza) ötən ilin mayında dünyaya gəlib. 2023-cü ilin fevralında “Super Bowl” finalında çıxışı zamanı Rihannanın ikinci hamiləliyi məlum olub. Avqustun 1-də cütlüyün “Riot Rose Myers” adlı oğlan övladı dünyaya göz açıb.