Azərbaycan Qadınlarının VI Qurultayı ilə əlaqədar oktyabrın 5-də Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti”nə həsr olunmuş rayon qadınlarının konfransı keçirilib
Konfransda Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, rayonun idarə və müəssisələrinin qadın əməkdaşları iştirak ediblər.
İlk öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova çıxış edərək bildirib ki, bu il Azərbaycan tarixində əlamətdar hadisələrdən biri kimi qiymətləndirilən Azərbaycan Qadınlarının I Qurultayından 25 il ötür. O, qeyd edib ki, Azərbaycanda dövlət qadın siyasətinin təməl prinsiplərinin müəyyən edilməsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində qadın siyasəti məsələlərinə xüsusi diqqət yetirmişdir. Müstəqil Azərbaycanda qadın qurultayları da məhz Heydər Əliyevin təşəbbüsü ilə keçirilmişdir. Çox müsbət bir haldır ki, Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün də ölkə başçımız cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir. Bu gün Azərbaycan qadınları cəmiyyətin dinamik inkişafında xüsusi fəallığı ilə seçilir. Həmçinin, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da ölkədə qadınlarla bağlı layihələrin həyata keçirilməsində önəmli və əvəzolunmaz əməyi vardır.
Daha sonra konfrans mövzu ətrafında müzakirələrlə davam etdirilib.