Infoteka.az
Sosial

Azərbaycanda aqrar sahədə məsləhət xidməti ilə bağlı problemlər açıqlanıb

Azərbaycanda kənd təsərrüfatı sahəsində məsləhət xidməti göstərən şəxslərin fermerlər, tədqiqat və akademik qurumlarla əlaqə, inteqrasiya və əməkdaşlığı zəifdir.

İnfoteka.az xəbər verir ki, bunu “Azərbaycanda kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi ilə bağlı keçirilən vebinarda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) mütəxəsisi Ciaran Gannon deyib.

"Aqrar sahədə məsləhət xidmətlərinin təşkilində, koordinasiyasında və idarəetməsində bəzi çatışmayan məqamlar var. Bununla yanaşı, xüsusilə innovasiyaların davamlı istehsal bazarına yönəldilməsi, gənclər və kənd qadınları üçün dəyər zəncirinə dəstək xidmətlərinin asanlaşdırılması üzrə məsləhətçilərin kifayət qədər imkanları, bacarıqları yoxdur. Həmçinin, keyfiyyət təminatı və monitorinq qiymətləndirmə mexanizmləri zəifdir”, - deyə o, qeyd edib.

FAO rəsmisinin sözlərinə görə, “Azərbaycanda kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsi bu istiqamətdə fermerlərə töhfə verəcək: “Layihənin məqsədi fermerlərin, bu sahədə fəaliyyət göstərən mütəxəsislərin daha yaxşı qərar verməsinə dəstək olmaq, araşdırmalar nəticəsində ən yaxşı təcrübələrlə tanış etməkdir. Layihənin icrasında məqsəd kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin iştirakçılarının bacarıqlarını gücləndirmək, əkinçiliklə bağlı problemlərə davamlı və innovativ yanaşmaları təbliğ etmək, keyfiyyətli təminat sistemi yaratmaq, informasiya təminatına əlçatanlığı genişləndirməkdir”.

2020-ci ildə icrasına başlanılmış “Azərbaycanda kənd təsərrüfatı üzrə məsləhət xidmətlərinin gücləndirilməsi” layihəsinin müddəti 2 ildir. Layihə çərçivəsində yaxın illərdə Avropa ölkələrinin modeli əsasında dayanıqlı informasiya məsləhət xidməti sisteminin qurulması, institusional çərçivənin formalaşdırılması nəzərdə tutulub.

Infoteka.az