Infoteka.az
Siyasət

“3+3” platforması reallaşır: Regionun təhlükəsizliyi təmin olunur

Azərbaycan və Türkiyənin atdığı uğurlu hərbi və diplomatik addımlar nəticəsində Cənubi Qafqazda yeni reallıqlar yaranıb. Bakı və Ankara bu gün bölgənin əsas geosiyasi aktorları kimi proseslərə yön verirlər və bu da region üçün yeni perspektivlər açır.

Son dövrlərdə gündəmə gələn əsas regional məsələlərdən biri “3+3” platforması ilə bağlıdır. Qeyd edək ki, platformaya Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan daxildir. Layihənin müəllifləri Azərbaycan və Türkiyədir. Məqsəd region ölkələrini bir platformada birləşdirməklə bölgədə daimi sabitliyi, əməkdaşlıq mühitini təmin etməkdir.

Maraqlıdır ki, son zamanlar Azərbaycan və Türkiyədən başqa, digər dörd iştirakçıdan da bu məsələ ilə bağlı müsbət siqnallar gəlir. Məsələn, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşündə deyib ki, Qafqazdakı prosesləri yerli aktorların və regiondakı qonşuların iştirakı ilə həll etmək olar. Nazir hesab edir ki, “3+3” formatı regional məsələlərin həlli üçün effektiv mexanizmdir.

Bundan başqa, dünən, oktyabrın 10-da Hüseyn Əmir-Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla bu məsələni müzakirə edib. Həmçinin Ermənistan baş naziri Nikol Paşinyan da dünən söyləyib ki, İrəvan “3+3” formatında görüşlər keçirməyə hazırdır.

Infoteka.az