Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qurumun Mülki Missiyasının işini müzakirə ediblər.
İnfoteka.az xəbər verir ki, bu barədə Ermənistan XİN-dən məlumat verilib.
Bildirilib ki, tərəflər Çexiyanın paytaxtı Praqada keçirilmiş görüşdə əldə olunmuş razılıqları, o cümlədən Aİ-nin Mülki Missiyasının səlahiyyətləri, fəaliyyəti və yeri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, oktyabrın 7-də Çexiyanın paytaxtı Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşdə iki ölkə sərhədində Aİ-nin mülki missiyasının yaradılması barədə razılıq əldə olunmuşdu. Daha sonra Aİ Şurasının Siyasi və Təhlükəsizlik Komitəsi buna razılıq verib.