Infoteka.az
Sosial

Universitet bufetlərindəki qiymətlər tələbələrin büdcəsinə uyğundur?

Azərbaycanda əksər tələbələr təhsil aldıqları universitetlərin yeməkxanalarındakı qiymətləri heç də qənaətbəxş hesab etmirlər. Tələbələr tərəfindən bu barədə redaksiyamıza tez-tez şikayətlər daxil olur. 

Bəs, qiymətlər necədir?

Bakı Dövlət Universitetində təhsil alanların verdiyi məlumata görə, bir tələbənin gündəlik qidası 6-7 manat arası başa gəlir. Bu isə aylıq 120-140 manat pul edir. 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri isə yemək üçün gündəlik 5-6 manat xərclədiklərini bildiriblər. Bu isə aylıq yemək xərcinin 100-120 manat olacağı deməkdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alanlar isə gündəlik qida üçün 6-7 manat pul xərclədiklərini bildiriblər. Bu da aya 120-140 manat edir.

Azərbaycan Texniki Universitetində isə vəziyyət digərlər universitetlərdən daha yaxşıdır. Bu universitetin tələbələri yeməkxanada gündəlik 3-4 manat pul xərcləyirlər. Bu aylıq 60-80 manat vəsait deməkdir. 

Bəs, universitetlər bufetlərdəki qiymətlərə nəzarət edirmi?

Bakı Dövlət Universitetinin mətbuat katibi Kəmalə Quliyeva qeyd edib ki, BDU-nun bufetlərində qiymətlərə nəzarət olunur.

Azərbaycan Texniki Universitetinin mətbuat katibi Sevinc İsgəndərova da bufetdə qiymətlərə nəzarət edildiyini bildirib:

“Müqayisə üçün qeyd edim ki, eyniadlı məhsullar ətraf marketlərin təyin etdiyi qiymətdən kifayət qədər aşağı qiymətə tələbələrə təklif olunur. Qiymətlərin münasib olması rəhbərliyin nəzarətindədir. Buna görə də bufetdə süni qiymət artımı yolverilməzdir”.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin mətbuat katibi Nicat Abdullayev qiymətlərin tələbələrin istəyinə uyğun tənzimləndiyini qeyd edib:

“Azərbaycan Memarlıq və İnşaat Universitetində 3 tədris və bir köməkçi binada ümumilikdə 6 yeməkxana fəaliyyət göstərir.  Bunlardan ikisi böyük, dördü isə isti və soyuq qəlyanaltıların verildiyi yeməkxanalardır. Yeməkxanalarımızdakı çeşidlər əsasən tələbələrimizin istəyinə uyğun müəyyən olunur. Bunun üçün universitetin tələbə təşkilatları tərəfindən sorğu keçirilir, onların istəkləri və təklifləri öyrənilir. 

Eyni proses universitet əməkdaşları, professor-müəllim heyəti arasında da təşkil olunur. Çünki yeməkxanalardan onlar da istifadə edirlər.

Qiymətlərə gəlincə...

Qiymətlər bazar şərtlərinə uyğun olaraq, sosial həssaslıq nəzərə alınaraq tərtib olunur. Məsələn, bir tələbənin sup, yemək, salat və kampotu ümumilikdə 4 AZN təşkil edir.  

Əlbəttə ki, müəyyən güzəştlər və alternativlər hər zaman olur. Xüsusi ilə bildirim ki, AzMİU-da Tələbə Həmkarlar Təşkilatı tərəfindən gündəlik olaraq xeyli sayda tələbəyə yemək pulu (talon) təqdim edilir”.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mətbuat katibi Bəhruz Nəzərov qiymətlərdə artım olmadığını qeyd edib:

“Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 3 tələbə yeməkxanası fəaliyyət göstərir. Bu yeməkxanalarda tələbələrin yaxşı qidalanması üçün onlara bir neçə çeşiddə isiti və sərin yeməklər təqdim olunur. 

Qiymətlərdə heç bir artım olmayıb. 

Ümumi bazar qiymətlərinə və tələbə təqaüdlərinə uyğundur. Şorbalar 1,5 manat, ikinci yeməklər 3 manat, salatlar 1,5 manat, toyuq dönəri 2 manat, şaurma, 2.4 manat, qamburger 1.3 mananat təşkil edir.

Universitetin tələbə yeməkxanalarında 50 qəpikdən 2 manata qədər müxtəlif çeşidli şirniyatlar var, çayın qiymətinə gəldikdə isə bir çaynik çay 1 manat, 1 fincan çay isə 30 qəpikdir. Yeməkxanalarda 60 qəpikdən 2 manata qədər müxtəlif çeşidli sular, limonatlar da var ki, bu də tələbə büdcəsinə uyğundur”.

Qeyd edək ki, bu gün Azərbaycanda dövlət universitetlərində adi dərəcə üzrə tələbələr aylıq 100 AZN, zərbəçi dərəcə üzrə 145 AZN, əlaçı dərəcəsi üzrə isə 175 AZN təqaüd alırlar. Təqaüdlərin həcmi ilə yeməkxana qiymətlərini müqayisə etdikdə isə arada ciddi uçurumun olduğunu görə bilərik. 

Təqaüd-qiymət uyğunsuzluğunun səbəbləri ilə bağlı isə növbəti yazımızda...

Infoteka.az