Mətbuatda yayılan məlumatlara görə, Bakı şəhərinin 4 prioritet hədəf əsasında hazırlanmış Baş Planı artıq yekunlaşıb və yaxın vaxtlarda ictimaiyyətə açıqlanması nəzərdə tutulub. Plana əsasən, paytaxt ərazisində 150-yə yaxın binanın sökülməsi planlaşdırılıb.
Baş Planın hazırlanması niyə gecikir?
Qeyd edək ki, 2018-ci ildə Bakı şəhərinin Baş planının hazırlanması prosesinin beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil edilməsi barədə rəsmi xəbər yayıldı.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də həmin vaxt məlumat yaydı ki, birinci mərhələdə beynəlxalq strateji məsləhətçi "Boston Consulting Group" (BCG) şirkətinin dəstəyi ilə paytaxtın inkişaf konsepsiyası işlənib.
İkinci mərhələdə isə onun əsasında layihə tapşırığı hazırlanaraq beynəlxalq tender elan edilib. Rəsmi məlumata görə, Baş planın hazırlanması işi keçirilən tenderin qalibi olan Almaniyanın "AS+P" şəhərsalma və memarlıq şirkətinə həvalə edilib.
Baş planın 2020-ci ildə ictimaiyyətə təqdim edilməsi nəzərdə tutulsa da, naməlum səbəblərdən bu günə qədər açıqlanmayıb.
Xatırladaq ki, Bakı şəhərinin Baş Planı axırıncı dəfə 1986-cı ildə tərtib olunub və 2005-ci ilə qədər nəzərdə tutulub. Bir sözlə, artıq 18 ildir paytaxtımız Baş Plansız qalıb.
Nəticə yoxdur...
Məsələ ilə bağlı fikirlərini açıqlayan memar Aytəkin İmranova bildirib ki, paytaxtın baş planının hər 2-3 ildən bir təhvil veriləcəyi söylənsə də, heç bir nəticəsi yoxdur:
“Tərkibi nədən ibarətdir, təsdiqi niyə gecikir, bilinmir və heç bir şey məlum deyil. Kiminsə bu məsələdə marağı varsa, açıqlanmasını istəmir. Əslində, taleyüklü problem olduğu üçün bu, ictimaiyyətə açıqlanmalı və geniş müzakirəyə çıxarılmalıdır”.
Memar paytaxtdakı plansız tikintilərin yaratdığı təhlükələrdən də söz açıb:
“Bu gün hamı zəlzələ təhlükəsindən danışır. Əgər Bakıda zəlzələ baş verərsə, bir-birinin yanında tikilən binalar böyük fəlakətlərə səbəb olacaq. Yaponiya təcrübəsinə baxsaq görərik ki, məktəbləri yaşayış binlarından bir neçə kilometr məsafədə və təhlükəsiz şəraitdə tikirlər. Hər hansı bir təhlükə anında isə məktəblər insanların sığınacağına çevrilir.
Bəs, bizdə necədir?
Əgər bir fəlakət baş versə, harda sığınacaq tapacağımızı bilmirik. Yəni, şəhərdə təhlükəsizlik qaydalarına əməl olunmur. Təkcə 28 may metrostansiyasının ətrafında nə qədər hündürmərtəbəli binalar tikilib və bunların hamısı böyük təhlükə mənbəyidir. Artıq gözlənilməz qəzaların sayı da artıb və problemin qarşısını almaq getdikcə çətinləşir”.
Paytaxtın nəqliyyat sistemindəki ağır vəziyyətə də toxunan memar düşünür ki, şəhərdaxili nəqliyyat yollarının genişləndirilməsi üçün söküntü işləri aparılmalıdır:
“Düzdür, bir neçə ildir ki, bu sahədə müəyyən işlər görülüb, amma bu da kifayət etmir. Hətta yolların qırağındakı ağacları yox etdilər və yolları genişləndirmək istədilər. Bir sözlə, Bakı şəhəri üçün ilk növbədə monitorinq aparılmalı və yeni sahələr, ərazilər müəyyən edilməlidir.
Bu gün paytaxtın əlçatan və rahat nəqliyyat vasitəsi metrodur. Hazırda şəhərdə 27 metrostansiya fəaliyyət göstərir, amma bu da çoxmilyonlu şəhər üçün çox az olmaqla yanaşı, problemlər yaradır və onların sayının artırılmasına ehtiyac var.
Son günlər mətbuatda gedən məlumatlara inansaq, Baş Plana əsasən, onların sayının 47-yə çatdırılması nəzərdə tutulub. Əgər, bu doğrudursa, o zaman problemin qismən aradan qaldırılacağına ümid etmək olar”.