Rusiyanın Volqoqrad şəhərində Krasnooktyabr rayonunun 91 nömrəli məktəbində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru, Stalinqrad döyüşünün iştirakçısı Həzi Aslanovun yenilənmiş memorial lövhəsinin açılış mərasimi keçirilib.
Tədbirdə Moskva şəhər Qərb İnzibati Dairəsi Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının nümayəndələri, Stalinqrad müdafiəçisi - İkinci Dünya müharibəsinin veteranı Mariya Roxlina, Volqoqrad şəhər Dumasının deputatları Gennadi Kuznetsov və İldırım Həsənov, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirdə çıxış edən tədris müəssisəsinin direktoru Tatyana Qorşkova 91 nömrəli məktəbdə bütün bu illər ərzində əfsanəvi Stalinqrad müdafiəçisinin xatirəsini ehtiramla yad edildiyini bildirib.
“Məktəb muzeyimiz yoxdur, lakin məktəbin bir mərtəbəsində Həzi Aslanovun xatirəsinə həsr olunmuş plakatlar və stendlər qurulub. Hər il yeni materiallar əlavə olunur, bu gözəl insan haqqında uşaqlara məlumat verən qonaqlar dəvət edirik. Bayrama qonaq qismində qəhrəmanın nəvəsini dəvət etmək istəyirik, o, babasının adını daşıyır, Bakıda yaşayır”, - deyə o bildirib.
Tədbir iştirakçıları Həzi Aslanov və İkinci Dünya müharibəsi qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər və memorial lövhənin önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, məktəb binasının üzərindəki memorial lövhə artıq üçüncü dəfədir yenilənir: mətn əlavə olunub, lövhənin təmirə ehtiyacı var idi, indi isə onun üzərində qəhrəmanın portreti əlavə olunub. Yeni lövhə Moskva şəhər Qərb İnzibati Dairəsinin Azərbaycanlılarının Milli Mədəni Muxtariyyəti təşkilatının nümayəndələrinin köməyi ilə hazırlanıb.