Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonda danışıb.
Türkiyə Prezident Aparatı İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, söhbət zamanı İsrailin Qəzza zolağına hücumlarından sonra insan hüquqlarının pozulmasının qarşısının alınması və humanitar yardımların günahsız mülki şəxslərə fasiləsiz çatdırılması üçün görüləcək tədbirlər müzakirə edilib.
Ərdoğan telefon danışığında Qərbi də sərt şəkildə tənqid edərək deyib: “Qərb dövlətlərinin münasibəti İsrailin Qəzza zolağında insan haqları pozuntularını artıracaq. İsraili dayandırmaq üçün Qərb heç bir səy göstərmir. Qərb və dünya ictimai rəyi humanitar faciələrə son qoymaq üçün tez bir zamanda hərəkətə keçməlidir”.
Qeyd edək ki, İsrail “Həmas”ın hücumlarından sonra Qəzza zolağında Fələstin Müqavimət Təşkilatını ləğv etmək istəyir. İsrailin rəsmi məlumatlarına görə, oktyabrın 7-də “Həmas”ın hücumunda təxminən 1400 israilli həyatını itirib. O vaxtdan bəri İsrail ordusu “Həmas”ın Qəzzada dinc əhalidən “insan qalxanı” kimi istifadə etməsi bəhanəsi ilə bölgədə xəstəxana, məscid və kilsələr də daxil olmaqla mülki hədəflərə ağır hava zərbələri endirir. Oktyabrın 7-dən bu yana Qəzza zolağında 70 faizi uşaq və qadın olmaqla 4385 fələstinli öldürülüb, 1000-dən çox adam itkin düşüb. Həmin insanların dağıntılar altında qaldığı təxmin edilir.
Qeyd edək ki, Yaxın Şərq regionundan bir çox dövlət və hökumət başçıları, BMT nümayəndələri, Türkiyədən xarici işlər naziri Hakan Fidan və almaniyalı həmkarı Annalena Baerbokun qatıldığı, oktyabrın 21-də Misirdə keçirilən sülh sammitində İsrail iştirak etmir. Hökumət sözçüsü bildirib ki, onlar dəvət olunmayıb və tədbirə qatılmayacaqlar.