Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə 25-27 oktyabr tarixlərində ənənəvi “Mingəçevir Reqatası-2023” beynəlxalq turniri keçiriləcək.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından verilən məlumata görə, “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq reqatada 8 ölkə - Azərbaycan, Gürcüstan, Qazaxıstan, Litva, Polşa, Türkiyə, Ukrayna və Özbəkistandan 14 komanda mübarizə aparacaq.
Yarışda 2005-2010-cu il təvəllüdlü 100-dən artıq idmançı iştirak edəcək. Federasiyanın bu yaş kateqoriyalarına üstünlük verməyinin əsas səbəbi seçim prosesi aparmaqla qarşıdakı illər üçün rəqabətədavamlı yığma komandanın formalaşdırılmasıdır.
Qeyd edək ki, “Mingəçevir Reqatası-2023” ardıcıl iki ildir Avropa Kanoe Assosiasiyasının (ECA) təqvim planına daxil edilir.