Infoteka.az
Sosial

Bakıda 16 məktəbli dönərdən zəhərləndi

Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdə təhsil alan 16 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətlərinin müşahidə edilməsi haqqında məlumat daxil olub.

Bu barədə məlumat Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, təhsil müəssisələrinin müxtəlif siniflərində təhsil alan şagirdlərlə bağlı onların valideynləri (bir neçə şagirddə narahatlıq evdə müşahidə olunub), məktəblərin rəhbərliyi və “Məktəblinin dostu” layihəsinin əməkdaşları tərəfindən dərhal təcili-tibbi yardıma müraciət olunub:

“İlkin tibbi yardım göstərildikdən sonra şagirdlər müvafiq səhiyyə müəssisələrinə yerləşdiriliblər. Onlar müvafiq müayinə və müalicə proseduruna cəlb olunublar. 

Məktəblərin rəhbərliyi tərəfindən aidiyyəti dövlət qurumlarına və məktəbdə halı pisləşən şagirdlərin valideynlərinə də məlumat verilib.

Şagirdlər dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarının birindən dönər alıb yediklərini bildiriblər.

Aidiyyəti dövlət qurumları tərəfindən müvafiq araşdırmalara başlanılıb”.

Qeyd edək ki, Elm və təhsil nazirinin müşaviri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və müvafiq təhsil müəssisələrinin rəhbərliyi müayinə və müalicəyə cəlb olunmuş şagirdlərin vəziyyəti ilə tanış olmaq üçün onlara baş çəkiblər.

Infoteka.az