Prezident İlham Əliyev Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Bu barədə President.az xəbər verir.
Sərəncamla Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması məqsədilə uzunluğu 12,7 km olan altı hərəkət zolaqlı Böyükşor-Pirşağı avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 4,7 milyon manat ayrılır.
Maliyyələşməni Maliyyə Nazirliyi təmin edəcək.
İqtisadiyyat Nazirliyinə sərəncamın icrası üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq həvalə olunub.
Sərəncamdan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə tapşırılıb.