Infoteka.az
Siyasət

Xalqın dəstəyi dövlətin tükənməz gücüdür

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı növbəti hərbi təxribatına cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatı ilə başlamış Vətən müharibəsi Azərbaycan xalqının tarixi Qələbəsi ilə başa çatmış, müzəffər ordumuz erməni təcavüzünə məruz qalmış bütün ərazilərimizi işğaldan azad etmişdir.

Uzun illər ərzində mənfur qonşumuzun-Ermənistanın bizə qarşı olan təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edildi. Füzuli əməliyyatı Azərbaycan ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. 30 il ərzində düşmənin təmas xəttində möhkəm istehkamlar qurmasına və hətta ən tanınmış hərbi mütəxəssislərin belə, Füzulini işğaldan azad etmək üçün aylarla vaxt lazım olacağı barədə proqnozlarına baxmayaraq, qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkünə çevirdi. Ümüdümüz Ali Baş Komandanımıza və ordumuza sonsuz idi. Düşünürdük ki, qisas ordumuz tərəfindən mütləq alınır və alınmaqda davam edəcək, ən qısa zamanda işğal altında olan torpaqlarımız azad ediləcək. Elə də oldu...

Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirdilər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf etdi.

Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən biri olaraq, Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir.

Bugünlərdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Füzuli və Cəbrayıla olan səfəri əbədi yaddaşlara keçəcək. Bu səfər gələcəyə baxışımızın ifadəsi, Böyük Qayıdışın təntənəsidir. Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, 44 günlük Vətən müharibəsi həm də xeyirin şər üzərində qələbəsidir.  Füzuliyə səfəri zamanı yolboyu yerli əhalini salamlamaq üçün avtomobildən enən cənab Prezident İlham Əliyev əhali tərəfindən böyük coşqu və izdihamla qarşılanıb. Dövlət başçısının respublikamızın bölgələrinə səfəri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düçüncəsinin, hiss-həyacanının, keçmiş kədərdən sıyrılmağın və bugünkü sevincin tərənnümü idi. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirirdi. Xalqın dəstəyi dövlətin tükənməz gücü, Vətən müharibəsi milli birliyin səbəbidir.

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizə oktyabrın 17-də bizə yaşatdığınız Füzulinin azad olunması sevincinə görə öz minnətdarlığımı bildirirəm. Sizə bu çətin məsuliyyətli işinizdə uğurlar arzulayıram. Ömrünüz uzun, nailiyyətləriniz bol olsun! Allah Sizi xalqımızın üzərindən əskik etməsin! Uca Tanrım Sizi, Ordumuzu və bütün xalqımızı qorusun!

 

Mehriban Əsgərova

Suraxanı rayonu Hövsan bələdiyyəsinin əməkdaşı

Infoteka.az