Elektriklə işləyən avtomobil sahiblərinin təqribən yarısı növbəti dəfə avtomobilini dəyişəndə adi maşın alırar. Bu maraqlı yenilik S&P Global Mobility şirkətinin avtomobil sahiblərinin loyallığını araşdırmaq məqsədilə aparılan araşdırmada aşkar edilib.
Araşdırma zamanı məlum olub ki, elektrik avtomobillərindən istifadə edən şəxslərin orta loyallıq dərəcəsi 52,1% təşkil edir. Yəni elektromobil sahiblərinin 52%-i növbəti dəfə yenə elektrik maşını alacaq, qalan hissə isə daxili yanma (benzin dizel) mühərrikli maşına keçəcək.
O da məlum olub ki, “Nissan” elektromobillərinin sahiblərinin 63,2%-i, “Chevrolet” elektromobillərin sahiblərinlərinin 60,6%-I, “Ford Mustang Mach-E” sahibi olan şəxslərin 37,3%-i növbəti avtomobil kimi elektrikli avtomobil alıb.
Bundan başqa “Mercedes-Benz”in sahiblərinin 56,6%-i, “Jaguar” sahiblərinin 56,5%-i, “Audi” sahiblərinin 50,1%-i, “Porsche” sahiblərininsə 36,8%-ı elektromobillərə sadiqdir.
Bu sahədə liderlik “Tesla” elektromobillərinə məxsusdur. Belə ki, «Tesla» elektromobillərinin istifadəçilərinin 76,7%-i gələcəkdə də bu maşınlardan almaq niyyətindədir. Maraqlıdır ki, BMW elektromobil sahibləri arasında elektrik avtomobillərinə sadiqlik 46,6%-dən 45,9%-ə düşüb.
Göründüyü kimi iqtisadi və ekoloji cəhətdən elektromobillər nə qədər səmərəli olsa da hələki heç bir elektromobil istehsalçısı 100% etimad qazanmayıb.
Bəs, bunun səbəbi nədir?
Mövzu ilə bağlı fikirlərini bölüşən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, elektromobillərə dünyada maraq böyükdür:
“Lakin, heç də dünyanın bütün ölkələrində elektromobillər üçün yaradılmış infrastruktur yaxşı deyil. Bu avtomobillərin şarj etmə qabiliyyətində və uzun məsafələri qətetmə sahəsində problemləri var. İnfrastruktur problemi adətən ondan ibarətdir ki, elektrikdoldurma məntəqələri azdır. Bu səbəbdən uzun yola çıxan sürücülər çətinlik çəkə bilir. Bundan başqa elektromobildə iqlimə görə enerji itkisi çoxala bilir. Bu məsələ də var”.
Eldəniz Cəfərov hesab edir ki, bu problemlərə rəğmən elektromobillərə maraq az deyil:
“Məsələn, Norveçdə maşınların əksəriyyəti elektromobildir. Bu ölkə elektrikləşməyə 10 il qabaq keçib. Aİ-nin də xüsusi bir qərarı var ki, 2035-ci ildən sonra üzv ölkələrdə yalnız elektromobilllərdən istifadə olunacaq, benzin və dizel avtomobillərinin ölkədaxilində belə istismarı qadağan olunacaq. Bu səbəbdən də istehsalçılar daha çox elektromobilllər istehsal edirlər.
Lakin infrastrukturdakı çatışmazlıqlar ictimai marağı bir qədər azaldır. İstənilən halda qərar verilib. Elektromobillər inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün prioritetdir”.
Texnologiya