Fransa Prezidenti Emmanuel Makron Mərkəzi Asiya ölkələrindən uran tədarükünü artırmaqla bağlı razılıq əldə etmək niyyətindədir.
Agentliyin sözlərinə görə, Makronun 1-2 noyabr tarixlərində Mərkəzi Asiya ölkələrinə planlaşdırılan səfəri zamanı, Fransa Prezidenti Qazaxıstan və Özbəkistandan uran tədarükünün artırılması ilə razılıq əldə etmək istəyir.
Makron həmçinin, postsovet ölkələrinin Rusiyadan asılılığının səviyyəsini azaltmaq üçün Mərkəzi Asiya ölkələrinə təsir etməyə cəhd edəcək və Fransanın enerji təhlükəsizliyini gücləndirməyə çalışacaq.
Baş tutacaq danışıqların gündəliyində yer alan əsas məsələlərdən biri Fransanın “Orano” nüvə şirkətinin Qazaxıstandakı fəaliyyətinin genişləndirilməsi olacaq.
Qazaxıstan ötən il ərzində Fransaya ən çox uran tədarük edən ölkə olmaqla yanaşı, həmçinin ikinci ən böyük neft ixracatçısına çevrilib.
Qeyd edək ki, Nigerdə baş verən hərbi çevrilişdən sonra beynəlxalq sanksiyalar səbəbindən Fransanın atom elektrik stansiyalarına (AES) əsas uran tədarükçüsü olan bu Afrika ölkəsindəki yataqlardan birinin fəaliyyəti dayanıb.