2024-cü il üçün dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 282,5 milyon manat və yaxud 0,8 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə 3 milyard 493,4 milyon manat və yaxud 11,4 faiz çoxdur.
Bu, 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında bildirilir.
Qeyd edilib ki, dövlət büdcəsinin xərcləri 36 milyard 763 milyon manat proqnozlaşdırılır ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur.
Dövlət büdcəsi kəsirinin yuxarı həddi 2 milyard 590 milyon manat proqnozlaşdırılır ki, bu da 2023- cü illə müqayisədə 144,3 milyon manat və ya 5,3 faiz azdır. Kəsirin ÜDM-də xüsusi çəkisi 2,2 faiz olmaqla cari illə müqayisədə 0,1 faiz-bənd az proqnozlaşdırılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondundan transfertlər çıxılmaqla dövlət büdcəsinin gəlirləri 21 milyard 392 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü ilin dövlət büdcəsinin göstəricisi ilə müqayisədə 760,8 milyon manat və ya 3,4 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 1 milyard 364,6 milyon manat və ya 6,0 faiz azdır.
2024-cü il üzrə proqnozlaşdırılan dövlət büdcəsi gəlirlərinin 50,2 faizi və ya 17 milyard 164 milyon manatı neft sektorunun, 49,8 faizi və ya 17 milyard 9 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2023-cü ilin dövlət büdcəsinin göstəricisi ilə müqayisədə neft sektorunun gəlirləri (ARDNFdən transfert daxil olmaqla) 775,7 milyon manat və ya 4,3 faiz az, qeyri-neft sektorunun gəlirləri isə 1058,2 milyon manat və ya 6,6 faiz çox, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə neft sektorunun gəlirləri 1 milyard 834,4 milyon manat və ya 12 faiz, qeyri-neft sektorunun gəlirləri 1 milyard 659,0 milyon manat və ya 10,8 faiz çoxdur.
Neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 74,5 faizini və ya 12 milyard 781,0 milyon manatını Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert, 25,5 faizini və ya 4 milyard 383 milyon manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir. Vergi orqanlarının xətti ilə neft sektoru üzrə daxilolmalarda Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) üzrə büdcə ödənişləri 2 milyard manat, neft-qaz sahəsində fəaliyyət göstərən Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində Azəri-Çıraq-Günəşli (bundan sonra - AÇG) layihəsi üzrə mənfəət vergisi 370 milyon manat, Şahdəniz yatağından hasil edilən təbii qazın ixracı üzrə isə mənfəət vergisi 1 milyard 605 milyon manat nəzərdə tutulur.
ARDNŞ və onun törəmə müəssisələri tərəfindən 2 milyard 408 milyon manat məbləğində dövlət büdcəsinə vergi ödənişləri nəzərdə tutulur ki, bu da 2023-cü ilin müvafiq göstəricisi ilə müqayisədə 208 milyon manat və ya 9,5 faiz, 2022-ci ilin icrası ilə müqayisədə isə 395,3 milyon manat və ya 19,6 faiz çoxdur. ARDNŞ üzrə proqnozlaşdırılan daxilolmaların 2 milyard manatı və ya 83,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 408 milyon manatı və ya 16,9 faizi isə dividend ödənişlərinin payına düşür. Qeyd edək ki, 2024-cü ilin Yanacaq Enerji Balansının proqnoz göstəriciləri nəzərə alınmaqla minimum vergi öhdəlikləri üzrə hesablamalar aparılmışdır.
Hasilatın Pay Bölgüsü sazişləri çərçivəsində AÇG və Şahdəniz layihələri üzrə mənfəət vergisi ümumilikdə 1 milyard 975,0 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin proqnozundan 2 dəfə, 2022-ci ilin icrası ilə müqayisədə isə 2,7 dəfə azdır. 2023-cü ilin büdcə gəlirlərinin proqnozu ilə müqayisədə azalmaya səbəb 2024-cü ildə AÇG üzrə neft hasilatının 1,1 mln. ton (gündəlik 22,0 min barel) azalması, Şahdəniz layihəsi üzrə qazın orta qiymətinin cari il üzrə gözləniləndən 46,8 faiz (275,0 ABŞ dolları) az olmaqla hesablanması ilə bağlıdır. 2022-ci ilin faktıki icrası ilə müqayisədə azalmaya səbəb neftin 1 barelinin orta satış qiymətinin 43,6 ABŞ dolları, təbii qazın qiymətinin isə 1164,5 ABŞ dolları az götürülməklə hesablamaların aparılması ilə əlaqədardır.
Qeyri-neft sektoru üzrə dövlət büdcəsi gəlirlərinin 58,1 faizini və ya 9 milyard 890 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 34,7 faizini və ya 5 milyard 900 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 4,9 faizini və ya 831 milyon manatını büdcədən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən büdcədənkənar fondlara daxilolmalar, 2,3 faizini və ya 388 milyon manatını sair gəlirlər təşkil edir.
2024-cü ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 88,2 faizini və ya 13 milyard 929 milyon manatını vergi gəlirləri, 11,8 faizini və ya 1 milyard 861 milyon manatını qeyri-vergi gəlirləri təşkil edir.
2024-cü ildə dövlət büdcəsi gəlirlərinin 13 milyard 865 milyon manatı və ya 40,6 faizi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların, 12 milyard 781 milyon manatı və ya 37,4 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 5 milyard 900 milyon manatı və ya 17,3 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 831 milyon manatı və ya 2,4 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 796 milyon manatı və ya 2,3 faizi isə sair gəlirlərin payına düşür.
Dövlət Vergi Xidmətinin xətti ilə proqnozlaşdırılan daxilolmaların məbləği ÜDM-in 11,7 faizi həcmində olmaqla 13 milyard 865 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 1 milyard 122 milyon manat və ya 7,5 faiz, 2022-ci ilin icrası ilə müqayisədə isə 1 milyard 678 milyon manat və ya 10,8 faiz azdır.
Dövlət Vergi Xidmətinin xətti ilə 2024-cü il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan daxilolmaların 71,3 faizi və ya 9 milyard 890 milyon manatı qeyri-neft sektorunun, 28,7 faizi və ya 3 milyard 975 milyon manatı neft sektorunun payına düşür.
2024-cü il dövlət büdcəsinin xərcləri 36 milyard 763,0 milyon manat nəzərdə tutulur ki, bu da 2023-cü illə müqayisədə 138,2 milyon manat və ya 0,4 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 31,1 faiz və ya 2023-cü ilin göstəriciləri ilə müqayisədə 0,5 faiz-bənd artacaqdır.
Növbəti ilin dövlət büdcəsi xərclərinin strukturunda cari xərclər 61,6 faiz və ya 22 milyard 622,0 milyon manat (2023-cü ilə nisbətən 544,1 milyon manat və ya 2,5 faiz, 2022-ci ilin icra göstəricisinə nisbətən isə 4 milyard 883,0 milyon manat və ya 27,5 faiz çox), əsaslı xərclər 33,1 faiz və ya 12 milyard 168,4 milyon manat, dövlət borcuna xidmətlə bağlı xərclər 5,4 faiz və ya 1 milyard 972,6 milyon manat (2023-cü illə müqayisədə 790,1 milyon manat və ya 66,8 faiz çox) təşkil edəcəkdir.