2024-cü ilin dövlət büdcəsindən Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə 198 milyon manat ayrılacaq.
Bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin icmal və dövlət büdcəsinin layihəsində bildirilib.
Qeyd edilib ki, 2024-cü ilin dövlət büdcəsinin layihəsində beynəlxalq münasibətlər (o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər, Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər), xarici yardımlar, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payı və xarici qrantlar hesabına həyata keçirilən layihələrlə bağlı xərclər üzrə 525,2 milyon manat məbləğində vəsait proqnozlaşdırılıb.
Bildirilib ki, bu xərclərin 198 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəlikləri və konsulluqlarının saxlanılması xərclərinə (2023-cü illə müqayisədə 13,1 milyon manat və ya 7,1 faiz çox) 32 milyon manatı beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının (maliyyə-kredit təşkilatlarının) səhm kapitalında iştirak ilə bağlı xərclərə, 4,5 milyon manatı beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 234,7 milyon manatı beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlərlə bağlı xərclərə, 11,0 milyon manatı Azərbaycan Respublikasının xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclərə, 80,0 milyon manatı xarici yardımlar üzrə xərclərə yönəldiləcəkdir.