Tai Çi idmanı parkinson xəstəliyinin əlamətlərini ləngidə bilər.
“Daily Mail” qəzetinin məlumatına görə, Çin alimləri 2016-2021-ci illər arasında iki qrupa bölünən 334 parkinson xəstəsini müşahidə ediblər. Tədqiqatda müşahidə qrupundan biri həftədə iki dəfə bir saat Tai Çi ilə məşğul olmaq üçün öyrədilib, digər qrup isə gündəlik dərman müalicəsini davam etdirib.
Tai Çi idmanının beynin hərəkətləri idarə etməkdən məsul olan hissəsindəki hüceyrələrin fəaliyyət göstərməməsi nəticəsində meydana gələn bir xəstəlik olan parkinson simptomlarını yavaşlatdığı müşahidə olunub.
Tai Çi etməyənlərdə dərman dozasını artırması lazım olan xəstələrin sayı 83,5 faizdən 96-ya yüksəlib. Bu idmanla məşğul olan qrupda nisbət 71 faizdən 87,5-ə qalxıb.
Şanxay Jiao Tong Universiteti Tibb fakültəsinin müəllimi Gen Li Tai Çi ilə məşğul olan insanlarda parkinson simptomlarının yavaşladığını, yuxunun və həyat keyfiyyətinin yaxşılaşdığını ortaya çıxarıb. O deyib: “Araşdırma nəticəsində Tai Çinin parkinson xəstəliyinə uzun müddətli faydalı təsiri, yeriş, tarazlıq və beyində qeyri-ixtiyari əlamətlərə qarşı yavaşladıcı olduğu göründü”.
Qeyd edək ki, dünya üzrə parkinson xəstələrinin 96 faizi 50 yaşdan yuxarıdır və sayı 10 milyondan yuxarıdır.
Döyüş sənətlərindən biri olan Tai Çi ənənəvi Çin təbabətinin enerji məşqlərinin bir hissəsi olan fiziki intizam kimi tanınır.
Araşdırmanın nəticələri “Journal of Neurology, Neurosurgery and Psychiatry” jurnalında dərc olunub.