Infoteka.az
Siyasət

Almaniyanın xarici işlər naziri Bakıda İlham Əliyev və hüquq müdafiəçiləri ilə görüşüb

Almaniyanın xarici işlər naziri Annalena Berbok noyabrın 4-də Azərbaycanda səfərdə olub. O bundan öncə noyabrın 3-də Ermənistanda səfərdə olub və ölkə rəhbərləri ilə danışıqlar aparıb.

Nazir Annalena Berbok Azərbaycana səfəri çərçivəsində Şəhidlər Xiyabanını ziyarət edib, Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələri, Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması və bütövlükdə Cənubi Qafqaz regionunda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Almaniyanın Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanması və bu xüsusda Avropa İttifaqının dəstəyi ilə aparılan Brüssel prosesini dəstəklədiyini diqqətə çatdıran Annalena Berbok, həmçinin Azərbaycanın üzləşdiyi humanitar mina probleminin aradan qaldırılmasına kömək göstərməyə hazır olduqlarını bildirib.

Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir ki, İlham Əliyev Azərbaycanın Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığı dəstəklədiyini qeyd edib. Əliyev “lokal xarakterli antiterror tədbirləri” nəticəsində Azərbaycanın suverenliyini bərpa etdiyini və Ermənistan ilə münasibətlərin normallaşdırılmasını, sülh müqaviləsinin imzalanmasını, regional sülh gündəliyini dəstəklədiyini diqqətə çatdırıb.

Bundan əlavə görüş zamanı Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Infoteka.az