Səudiyyə Ərəbistanının futbol çempionatında 12-ci turun matçında “Əl-Nasr” doğma meydanda “Əl-Xəlic” klubuna qalib gəlib.
“Report” xəbər verir ki, Ər-Riyadın “Əl-Əvval Park” stadionunda baş tutan görüş 2:0 hesabı ilə başa çatıb. Qolları Kriştiano Ronaldu və Aymerik Laport vurub.
38 yaşlı portuqaliyalı üçün bu qol 30 yaşından sonra karyerasında 400-cü qol olub. Ümumilikdə onun aktivində 863 qol var.
Bununla da “Əl-Nasr” məğlubiyyətsizlik seriyasını 10 görüşə çatdırıb. Ronaldunun komandası 28 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Əl-Xəlic” 10 xalla 15-ci yerdədir.
Xatırladaq ki, Ronaldu bu ilin yanvarın 2-dən “Əl-Nasr”ın şərəfini qoruyur. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alır.