Kiyevdəki Səməd Vurğun adına kitabxanada Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin və görkəmli şuşalıların Ukrayna-Azərbaycan münasibətlərinin inkişafında roluna həsr olunmuş tədbir keçirilib.
Şuşa şəhəri Günü və Azərbaycanın Zəfər Gününə həsr olunmuş tədbirin təşkilatçısı qismində Ukrayna-Türk Mərkəzi çıxış edib.
Tədbirdə çıxış edən Ukraynanın xalq deputatı, Ukrayna-Türk Mərkəzinin həmtəsisçisi Sergey Naqornyak Azərbaycanın 44 günlük Vətən müharibəsində Qələbəsinin əhəmiyyətindən və ərazilərin işğaldan azad olunmasından danışıb.
O, qeyd edib ki, Azərbaycanın suverenliyinin tam bərpası Qarabağ münaqişəsində həmişə Azərbaycan xalqının yanında olan Ukrayna üçün mühüm hadisədir.
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Seymur Mərdəliyev Şuşanın Azərbaycan xalqı üçün əhəmiyyətindən, bu şəhərin qədim tarixindən, həmçinin onun şöhrətinin mənbəyi olan mədəniyyətindən ətraflı bəhs edib.
Sonra tədbir iştirakçılarına Şuşada keçirilən və Ukrayna nümayəndələrinin də iştirak etdikləri “Xarıbülbül” festivalı haqqında videoçarx göstərilib.
Kiyevdəki Səməd Vurğun adına kitabxananın müdiri Larisa Komarova yekun sözü ilə çıxış edərək rəhbərlik etdiyi mədəniyyət müəssisəsinin Ukrayna-Azərbaycan dialoqunda rolundan danışıb və yeni tədbirlərin keçirilməsi üzrə gələcək əməkdaşlığa dəvət edib. Qonaqlar üçün, həmçinin Şuşa haqqında ədəbiyyat sərgisi də təşkil olunub.
Tədbirdə Qırğızıstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri İdris Kadırkulov, Qazaxıstanın Ukraynadakı müvəqqəti işlər vəkili Aslan Alibekov, diplomatlar, alimlər, şairlər, Kiyev universitetlərinin tələbələri iştirak ediblər.