Infoteka.az
Hərbi

Xüsusi təyinatlıların maaşı 2.1 dəfə artırılıb

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçularının vəzifə maaşları artırılıb.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq vəzifə maaşları orta hesabla 2,1 dəfə artırılıb.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulan hərbi qulluqçular üçün artım əmsalı tətbiq edilib.

Müəyyən edilib ki, bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalı hərbi qulluqçulara Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi arasında hər müvafiq büdcə ili üzrə razılaşdırılmış say və tərkibə uyğun olaraq, yalnız xidməti vəzifələrin icrası zamanı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ödənilir.

Nazirlər Kabineti bir ay müddətində:

bu Fərmanın 1-ci hissəsinə uyğun olaraq, hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğinin yuxarı həddini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

bu Fərmanın 6-cı hissəsinə uyğun olaraq, vəzifələrin siyahısını və həmin vəzifələr üzrə hərbi qulluqçuların vəzifə maaşlarının məbləğini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Müdafiə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan artım əmsalının məbləğini bu Fərmanın 4.2-ci bəndini və hərbi qulluqçuların yerinə yetirdikləri tapşırıqların xüsusiyyətlərini nəzərə almaqla iki ay müddətində müəyyən etməli, bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Bu Fərman 2022-ci il dekabrın 1-dən (bu Fərmanın 1-ci hissəsi – siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən vəzifələr üzrə 2023-cü il yanvarın 1-dən) tətbiq edilir.

Infoteka.az