Infoteka.az
Siyasət

Prezident İlham Əliyevin 19 illik hakimiyyət yolu

2003-cü ildə oktyabr ayının 15-də Ulu Öndər Heydər Əliyev məktəbinin davamçısı İlham Əliyevin Pezident seçilməsindən 19 il ötür.

Həmin tarixdən bu günə qədər xalqımızın Ümumilli lideri Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı olan İlham Əliyev ölkəmizin iqtisadi və hərbi qüdrətini, beynəlxalq nüfusunu gücləndirməkdən ötrü qətiyyətlə çalışır. Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk dövrdən iqtisadiyyatın şaxələndirilməsini, qeyri-neft sektorunun inkişafını bir vəzifə kimi hökümətin qarşısında qoymuşdur.

Azərbaycanın dövlətçilik tarixində mühüm rol oynayan milli ordu quruculuğu siyasətinin əsasının qoyulması xalqa göstərilən ən böyük xidmətlərdən sayılır. Müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyünü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan cənab Prezident İlham Əliyev hərbi sahədə böyük uğurlara imza atmışdır. O bununla da, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olmuşdur. Müasir ordu quruculuğu prosesində islahatlar, yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementlərindən idi.

44 günlük Vətən müharibəsinin ilk dəqiqəsindən sonadək döyüş əməliyyatlarına Ali Baş Komandan şəxsən özü rəhbərlik edirdi. Prezidentin “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!” sözləri xalqda ilk andan böyük qələbə əzmi, ruh yüksəkliyi yaratdı. Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sisemlərini yarıb keçdilər. Beləliklə, torpaqlarımız işğaldan azad edildi.

Dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən bu gün gerçəkləşdirilən tikinti-quruculuq işləri, erməni vandalları tərəfindən yerlə bir edilən şəhər və kəndlərimizin surətlə bərpası əzəli torpaqlarımıza qayıdışımızı günbəgün yaxınlaşdırmaqla yanaşı, eyni zamanda bütün dünyaya Azərbaycanın gücünü, qüdrətini dövlət başçımızın yüksək dövlət idarəçilik məharətini nümayiş etdirir. Düşməndən təmizlənən həmin torpaqlarda turizm, kənd təsərrüfatı, alternativ enerji kimi potensial sektorların canlandırılması vəd edilir. Qeyd etdiyimiz bütün bu islahatlar böyük səylə davam etdirilir. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin siyasi xətti nəticəsində Azərbaycan sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolu keçərək təhlükəsiz, müasir həyat səviyyəsini təmin etmiş bir ölkə kimi dünya dövlətləri arasında tanınmağa, öz potensialını göstərməyə davam edəcək.

 

Gülnar Həsənova

Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının Azərbaycan dili və Ədəbiyyat müəllimi

Infoteka.az