Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndi şəhərində keçirilən hərbi paradda çıxışında deyib.
“Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər” – dövlət başçısı deyib.