Aksessuarlar xarici görünüşün əsas və tamamlayıcı hissəsidir. Lakin bəzən onların seçimində səhvlərə yol verilir.
Aksesuar seçimində buraxılan səhvləri təqdim edirik:
Hamısı eyni tonda olmalıdır
Ayaqqabı və çantaların eyni tonda seçilmə stereotipləri artıq çoxdan qırılıb. Eyni vəziyyət aksesuarlar üçün də keçərlidir. Məsələn, eyni rəngdə əlcək, şapka, şərf, kəmər seçimi görüntü olaraq sadəcə darıxdırıcıdır. Onlardan birini əsas geyim parçasında olan rənglə eyniləşdirə bilərsiniz. Və ya onlardan ən azı birini başqa bir rəngdə seçməyə çalışın. Rənglərlə oynamağa, geyiminizlə diqqət mərkəzində olmağa çalışın. İstənilən əlavə bir rəng geyimi daha canlı və maraqlı edəcəkdir.
Qızıl və gümüşü qarışdırmaq olmaz
Uzaq keçmişi olan başqa bir stereotip. Əvvəllər zərgərlik modası müxtəlif çalarlı metalları birlikdə istifadəyə icazə vermirdi. Ancaq indi zaman dəyişib: eklektizm və uyğunsuzluqların birləşməsi dəbdədir. Eyni anda müxtəlif metallardan olan bir neçə qolbaq və üzüyü birləşdirə bilərsiniz.
Şalvar və ya ətəklər kəmər tələb edir
Bir çoxu mütləq şəkildə şalvar və ya ətəyi kəmərlə tamamlanmalı olduğuna inanır. Kəmərsiz geyimin qəribə və yarımçıq göründüyünü düşünür. Lakin bu hər zaman belə deyil. Bəzən kəmər sadəcə maneə törədir və özünə çox diqqət çəkir. Xüsusən onun üzərində nəzərə çarpan bəzək varsa, digər geyimin gözəlliyi onun fonunda itir. Buna görə də sizin üçün özəl olan şalvar və ətəkləri kəmərsiz geyniməyə başlayın.
Hər şeyə uyğun bir çanta
Bəzi universal modellər var ki, onları müxtəlif geyimlərlə birləşdirmək olduqca asandır. Ancaq bu həqiqətən də belədirmi? Ehtimal ki, yox. Axşam yeməyi və ya kokteyl gecəsinə seçdiyiniz paltarı təsadüfi bir çanta ilə birləşdirmək sözsüz ki, qəribə görünəcək. Bahalı aksesuarlar, dəbli ayaqqabı belə bu uyğunsuzluğu göz ardı etdirə bilməz. Qısaca hər bir yerin öz konteksti var və o, nəzərə alınmalıdır.
Eyni dəstdən olan aksesuar taxmaq
Belə bir fikir var, bütün aksesuarların bir-birinə uyğun gəlməsi üçün onların eyni dəstdən seçilməsi düzgün olar. Bununla belə, bu, darıxdırıcı görünür. Zövqünüzə güvənin və onları qarışdırın. Müxtəlif üslublu boyunbağı və sırğaları, üzük və bilərzikləri birləşdirin.