Infoteka.az
Sosial

Bakıda İtaliya mətbəxi həftəsi keçiriləcək

Bakıda 3-9 dekabrda İtaliya mətbəxi həftəsi keçiriləcək.

Bu barədə İtaliyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Klaudio Taffuri mətbuat konfransında jurnalistlərə bildirib.

Qeyd olunub ki, İtaliyanın Azərbaycandakı səfirliyi, İtaliya Ticarət Agentliyinin (Agenzia per la promozione all'estero e l'internazionalizzazione delle imprese italiane - Agenzia ICE) birgə əməkdaşlığı ilə "İtaliya mətbəxi masada: dad və rifah" ("Dining with the Italian cuisine: well-being with taste") mövzusuna həsr olunmuş İtaliya mətbəxi həftəsinin 8-ci buraxılışı təşkil olunacaq.

Keçiriləcək tədbir çərçivəsində məşhur italyan aşpaz İtaliya mətbəxinin təamlarını nümayiş etdirəcək.

Həmçinin əlavə olunub ki, 6 dekabrda təşkil olunacaq tədbirdə ustad dərsi keçiriləcək. Həmin tədbirə yerli media və mətbuat nümayəndələri, blogerlər və yerli aşpazlar dəvət olunacaqlar.

Eyni zamanda 5-6 dekabr tarixlərində Azərbaycanın dövlət qurumlarının rəhbərləri, siyasətçi və diplomatlar, yüksək vəzifəli şəxslər, müxtəlif sahibkarlar, yerli şirkətlər və idxalçılar üçün digər bir tədbir nəzərdə tutulub.

Infoteka.az