Azərbaycan Premyer Liqasında X turun “Qarabağ” – “Sumqayıt” qarşılaşması iki futbolçu üçün yubileylə yadda qalıb.
İnfoteka.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Abdullah Zubir və Elvin Bədəlov Azərbaycan çempionatında 100-cü matçını keçirib.
2018-ci ilin yayında Ağdam təmsilçisinə keçən Zubir bu oyunda sonradan meydana çıxıb. Premyer Liqada 5-ci mövsümünü keçirən yarımmüdafiəçi yalnız "köhlən atlar"ın formasını geyinib. O, 2018/2019 mövsümündə 23, 2019/2020 mövsümündə 19, 2020/2021 mövsümündə 26, ötən çempionatda 25 dəfə şans qazanıb. Cari yarışda isə 7-ci dəfə meydana çıxıb.
"Sumqayıt"ın müdafiəçisi Elvin Bədəlovun Premyer Liqadakı debütü daha əvvələ təsadüf edib. 2013/14 mövsümündə “Neftçi”nin heyətində şans qazanan futbolçu bu komandadakı 4 mövsümdə 41 görüş keçirib. 2018-ci ilin yayından “Sumqayıt”ın şərəfini qoruyan oyunçu “Gənclik şəhəri” təmsilçisindəki 59-cu matçına start “11-lik”də başlayıb.
Qeyd edək ki, “Azərsun Arena”dakı qarşılaşmada meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.