Infoteka.az
İdman

Ukrayna XİN Rusiya və Belarus idmançılarının Olimpiya Oyunlarında iştirakı ilə bağlı bəyanat yayıb

Ukrayna Xarici İşlər Nazirliyi Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya və Belarus idmançılarının neytral statusda yarışlarda iştirakına icazə verməsi barədə qərarı ilə bağlı bəyanat yayıb.

Bu barədə Ukrayna XİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ukrayna XİN Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlarda neytral statusda iştirakına icazə verilməsi barədə qərarı səhv hesab edir.

"Ukrayna tərəfi Olimpiya Komitəsini və beynəlxalq tərəfdaşları belə bir qərarın riskləri barədə məlumatlandırıb. Belarus və xüsusilə rus idmançıları tez-tez Rusiya Federasiyasının silahlı qüvvələri ilə əlaqəli idman təşkilatlarını təmsil edirlər. Onların bəziləri Rusiya ordusunda həqiqi hərbi xidmətdədir, bəziləri isə idman formalarında Rusiyanın Ukraynaya silahlı təcavüzünün simvollarını taxıblar. BOK isə nəinki ukraynalı qadın və uşaqların qətlinə rəğbət bəsləyən, həm də bu dəhşətli cinayətlərdə birbaşa əli olan idmançılara beynəlxalq idman arenalarında yarışmağa icazə verməyi planlaşdırır.

Beynəlxalq Olimpiya Komitəsi faktiki olaraq Rusiyaya Olimpiadanı öz məqsədi üçün istifadə etməyə yaşıl işıq yandırıb. Kremlin hər bir rus və belarus idmançısından öz təbliğat savaşında silah kimi istifadə edəcəyi şübhəsizdir.
Moskva, BOK-un dediyi kimi, yarışlarda ağ neytral bayraqlar qaldırmayacaq, əksinə, İkinci Dünya Müharibəsindən sonra Avropada baş verən ən böyük silahlı münaqişəyə görə məsuliyyətdən qaçmaq qabiliyyətinin zəfərini nümayiş etdirəcək", Ukrayna XİN bəyanatında vurğulayıb.

XİN qeyd edib ki, sözügedən qərarı qəbul edən Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Şurasının üzvləri Rusiya və Belarusun Ukraynaya qarşı silahlı təcavüzünü davam etdirməyə təşviqdə məsuliyyət daşıyırlar.

Infoteka.az