Infoteka.az
İqtisadiyyat

Dubravka Cedoviç: “Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər”

“Serbiya 2037-ci ildən etibarən Azərbaycandan qaz tədarükünü üç dəfə artıra bilər”.

Bunu Serbiyanın dağ-mədən sənayesi və energetika naziri Dubravka Cedoviç-Handanoviç Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Hazırda biz bu qaz kəmərini tam gücü ilə istismar etmək istəyirik. Gələcəkdə ehtiyac yaranarsa, biz onu 3,2 milyard kubmetrə qədər genişləndirə bilərik. Bu, demək olar ki, Serbiyanın qaza olan tələbatını tam 100 faiz ödəyəcək. Hazırda bu kəmər üçün əsas qaz mənbəyi Azərbaycandır və biz 2036-cı ilə qədər 400 milyon kubmetr qazın tədarükünə dair müqavilə imzalamışıq. 2037-ci ildən etibarən tədarük həcmi demək olar ki, üç dəfə arta bilər”, - nazir bildirib.

Onun sözlərinə görə, Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun işə salınması Azərbaycan ilə Serbiya arasında yaxşı münasibətlərin davam etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

“Biz evlərimizə və fabriklərimizə daha çox qaz verə biləcəyik. Azərbaycandan əlavə tədarüklə ölkəmizin bu hissəsində qaz təchizatını genişləndirə biləcəyik. Bu, enerji sektorunda ikitərəfli strateji əlaqələrimizi daha da dərinləşdirəcək. Prezidentlərimiz arasındakı gözəl münasibətlər sayəsində Serbiya əsas qaz tranziti ölkəsi kimi xəritədə öz mövqeyini möhkəmləndirəcək”, - Dubravka Cedoviç-Handanoviç əlavə edib.

Infoteka.az