Infoteka.az
Sosial

Sən elə bir zirvəsən...

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri zəngin miras kimi nəsildən-nəsilə ötürüldükcə, tarixi şəxsiyyətin zəngin ömür yolu daim örnək göstəriləcək. Heydər Əliyev ilk növbədə yaratdığı müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaq!

Heydər Əliyev “ən böyük şəxslər özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığının və xoşbəxtliyinin qorunması yolunda həyatını verən  insanlardır”, - deyirdi. Bu qiymətli fikir ümummilli liderin müstəqil Azərbaycanın vətəndaşlarını necə görmək arzusunu özündə ifadə edirdi. Heydər Əliyev özü mənsub olduğu cəmiyyəti düşünərək bu cür yaşayırdı, bütün vətəndaşların eyni amala xidmət etməsini arzulayaraq əsl vətənpərvər mövqeyini ortaya qoyurdu. Müstəqilliyimizin ilk illərində belə, məsuliyyətli vətəndaşların yetişdirilməsi vəzifəsinin uğurla həyata keçirilməsi üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Ümummilli lider vətənpərvər gəncliyin yetişdirilməsinin məsuliyyətli vətəndaş formalaşdırmaq prosesində başlıca prinsip kimi qəbul edilməsinə üstünlük verirdi.

Heydər Əliyev deyirdi ki, vətənpərvərlik böyük məfhumdur: “Vətənpərvər gənclərin yetişdirilməsi tək təhsil müəssisələrinin işi ilə bitmir. İlkin olaraq ailədə başlayan bu tərbiyəvi iş təhsil müəssisələrində davam etdirilir. Bütün cəmiyyətin, onun hər bir üzvünün əməllərindən müsbət yeniliklərlə yetkinləşir”. Heydər Əliyev həmin amilləri nəzərə almaqla bu mühüm vəzifənin yerinə yetirilməsinə  başladı.
Ölkəyə rəhbərlik missiyasını üzərinə götürdüyü ilk günlərdən Azərbaycan elminin, təhsilinin, mədəniyyətinin, iqtisadiyyatının, səhiyyəsinin inkişafı üçün Heydər Əliyevin misilsiz fəaliyyəti qısa zamanda nəticələrini verməyə başladı. Həm məktəblilərin, həm də tələbələrin təhsilə maraqlarının artırılması yollarını daim araşdırır, təhsil sisteminin yeni gələcək proqramının hazırlanmasının həyata keçirilməsi üçün göstərişlər verirdi. Heydər Əliyev təhsildə yüksək nəticələr əldə etmiş tələbələrlə görüşərək onlarla səmimi söhbətlər aparırdı. Dövlət tərəfindən bu qayğının gücləndirilməsi, məktəblilərin ali təhsil alması üçün daha əlverişli şəraitin yaradılmasını təmin etmək məqsədi ilə ümummilli liderin 2001-ci ilin 3 sentyabrında imzaladığı fərman mühüm əhəmiyyət daşıyırdı. Həmin fərmanla ilk dəfə 2001-2002 tədris ilində yüksək nəticə əldə edən tələbələr “Prezident təqaüdü” ilə mükafatlandırıldı. 

Ulu öndər hər zaman milli ali təhsilimiz, gənc milli kadrlarımız, Azərbaycan elminə böyük töhfələr vermiş və xidmətlər göstərmiş qocaman professorlarımız, alimlərimizlə fəxr etdiyini deyirdi: “Bu, böyük nemətdir. Gəlin bundan sonra bu nemətləri əlimizdə möhkəm saxlayaq”.
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi 34 il ərzində gəncliyi  bir an belə diqqətdən kənarda qoymayıb. Ulu öndərin siyasətində gənclərin ictimai-siyasi fəallığının artırılması və dövlət quruculuğunda təmsil olunması əsas məqamlardan biri kimi nəzərdən keçirilirdi. Bunun məntiqi nəticəsi olaraq ümummilli lider 1996-cı il fevralın 2-də Azərbaycan Respublikası Gənclərinin 1-ci forumunda çıxışında gəncləri milli dövlət quruculuğu işində daha fəal iştirak etməyə, vətənpərvər şəxsiyyətlər kimi formalaşmağa çağırdı: “Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir və öz həyat yolunu qurarkən, özünü həyatda fəaliyyətə hazırlayarkən və fəaliyyətə başlayıb onu davam etdirərkən özü haqqında da düşünməlidir, ailəsi haqqında da düşünməlidir, ancaq hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında da düşünməlidir”.

Ümummilli liderin Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri zəngin miras kimi nəsildən-nəsilə ötürüldükcə, tarixi şəxsiyyətin zəngin ömür yolu daim örnək göstəriləcək. Heydər Əliyev ilk növbədə yaratdığı müstəqil dövlətimizin timsalında yaşayır və yaşayacaq!

Torpaqlarımızın 20 faizi erməni tapdağı altında olan zamanlarda ulu öndər “bu, bizim ürəyimizdə olan yaradır”, - deyirdi. O, böyük ümidlə torpaqlarımızın azad olunacağı əminliyini ifadə edirdi. Yorulmaz fəaliyyəti ilə Azərbaycanı qələbəyə aparan yolun təməlini atırdı. Nəhayət, o gün gəldi, artıq ürəyimizdəki yara sağaldı. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi, qorxmaz, mərd əsgər və zabitlərimizin “dəmir yumruğ”u sayəsində Qarabağ erməni işğalından azad edildi. Bu gün artıq Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanır.

Azərbaycanın milli maraqlarını hər zaman uca tutan ulu öndər Heydər Əliyev “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur”, - deyirdi. İndi isə hamımız qürurla deyirik:  “Qarabağ Azərbaycandır!”.

Nə qədər zaman keçsə də, ictimai şüur Heydər Əliyevi əfsanəvi şəxsiyyət, mahir siyasətçi, görkəmli dövlət xadimi kimi tanıyacaq, xatırlayacaq.    

Heydər Əliyevin vətənpərvərlik ideyalarını rəhbər tutaraq  Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri üçün idman və intellekt yarışları təşkil olunur. Riyaziyyat-İnformatika Fənn birləşməsinin müəllimləri intellektin inkişafında rolu olan bilik yarışlarında yüksək nəticələr qazanan tələbələri digər yarışlara sövq edir. May ayında təşkil olunmuş olimpiadalarda uğur qazanan tələbələrdə özünəgüvənin şahidi olduq. Bu da onlarda əzmkarlıq, mübarizlik, vətənpərvərlik hisslərini inkişaf etdirir. Məqsədimiz mərd, savadlı, qorxmaz, vətənə sadiq Polad Həşimovlar, Mübariz İbrahimovlar yetişdirməkdir. Biz müəllimlər Heydər Əliyevin ”gənclər gələcəyin aparıcı qüvvələridirlər” ideyasına sadiq qalaraq onların hərtərəfli inkişafı üçün əlimizdən gələni əsirgəməməyə çalışacaq, xalqımıza sadiq gənclər yetişdirəcəyik.

Lətifə Ələkbərova, Sevinc Cəfərova

Infoteka.az