Amerika Birləşmiş Ştatları Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə əlaqəsi olan 250-dən çox şəxs və təşkilata sanksiya tətbiq edəcəyini açıqladı.
ABŞ Dövlət Departamentindən verilən məlumatda yazılır: “Sanksiya siyahısı “sanksiyalardan yayınma, Rusiyanın Ukraynaya qarşı müharibəsini davam etdirmək qabiliyyətini artırmaq və Rusiyanın gələcək enerji istehsalı və ixrac imkanlarını gücləndirmək” kimi hərəkətlər edən şəxslər və qurumlardan ibarətdir".
100-ü Dövlət, 150-si isə Xəzinədarlıq departamentləri tərəfindən müəyyən edilən sanksiyalar siyahısı Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı açıqlanıb.
Bildirilib ki, Rusiyadan başqa bəzi ölkələrdən olan vətəndaş və şirkətlərin də daxil olduğu sanksiyaların məqsədi Rusiyanın Ukrayna müharibəsi kimi “zərərli fəaliyyət”inin qarşısını almaqdır.
Siyahıya Rusiyanın Ust-Luqa limanında tikilməkdə olan və tamamlandıqdan sonra “Qazprom” və “RusQazDobycha” şirkətləri tərəfindən idarə olunacaq Ust-Luqa Maye Qaz Terminalının (LNG) hazırlanmasında iştirak edəcək üç şikət də daxildir.
ABŞ Dövlət Departamenti həmçinin Şimali Koreya ilə Rusiya Federasiyası arasında döyüş sursatlarının ötürülməsində iştirak edən müxtəlif gəmiçilik şirkətləri və əlaqəli gəmiləri də müəyyən etdiyini bildirib.
ABŞ-ın açıqladığı son siyahı Rusiyanı “ən çox sanksiyaya məruz qalan ölkə” elan etməklə yanaşı, siyahıda yer alan şəxslər və təşkilatları əhatə edən qanun ABŞ-ın mülklərinə və bank hesablarına girişi və Amerika biznesmenləri ilə işləməyi də qadağan edir.