Infoteka.az
İqtisadiyyat

BLOOMBERG: “Neft qiymətləri 2024-cü ildə də yüksələcək”

“Wall Street” analitikləri neft qiymətlərinin gələn il yenidən yüksələcəyini proqnozlaşdırırlar. 

Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ-ın beş əsas investisiya bankının 2024-cü ildə Brent markalı neftin qiyməti ilə bağlı proqnozu indiki 76,6 dollar/barel səviyyəsi ilə müqayisədə orta hesabla 85 dollar/barel təşkil edir. 

Ən aşağı qiymət “Citigroup” tərəfindən verilib. “Citigroup” analitikləri 2024-cü ildə neftin orta qiymətinin bir barel üçün 75 dollar olacağını, “Goldman Sachs” analitikləri isə ən yüksək proqnoz olaraq 92 dollar/barel olacağını bildiriblər.

Agentlik yazır ki, qlobal neft tələbi 2024-cü ildə Çində tələbatın artması ilə builki rekord səviyyələrə uyğun formada yüksəlməyə davam edəcək. Tələb artımının miqyası ilə bağlı isə analitiklər arasında hələ də fikir ayrılığı var.

Analitiklərin neftin qiyməti ilə bağlı proqnozları ötən illə müqayisədə daha ehtiyatlı olub. 

Belə ki, “Citigroup” 2022-ci ilin dekabrında Brent neftinin bu il orta qiymətinin 80 dollar/barel olacağını proqnozlaşdırmışdı ki, bu da reallığa yaxın idi. Bir neçə bazar eksperti neftin 2023-cü ildə bir barel üçün 100 dollara qayıdacağını proqnozlaşdırsa da, ABŞ, Qayana və İranda hasilatın artması səbəbindən onların proqnozları reallaşmadı. 

Qeyd edək ki, bu il “Brent” markalı neftin ən yüksək satış qiyməti 97,69 dollar təşkil edib.

Infoteka.az