Bu gün xalqımız tarixi hadisəyə şahidlik edir. Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları üz-üzə gəlir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva oyuna baxmaq üçün stadiona gəliblər.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səslənib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oyundan əvvəl stadionda çıxış edib.
Sonra ulu öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub.
Stadiona daxil olan dövlətimizin başçısı futbolçularla və oyunu idarə edən hakimlərlə görüşüb, onlarla xatirə şəkli çəkdirib.
Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ” - MOİK görüşü başlayıb.