Dövlət Gömrük Komitəsinin aidiyyəti struktur bölmələri tərəfindən aparılan araşdırmalar zamanı internetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla komitənin adından istifadə olunduğu müəyyən edilib.
Bu barədə komitə məlumat yayıb.
Bildirilir ki, www.offer.az/qeydiyyatci-56-vakansiya-2022-49006/ linki üzərindən “Ötüken Baku nəşriyyat və poliqrafiya şirkətinə “qeydiyyatçı” xanım tələb olunur” məzmunlu elanla maraqlanan şəxslərə mobil nömrə ilə əlaqə saxlamaq təklif olunur. Müraciət edənlərə özünü “DGK-nın Ötüken Bakı nəşriyyat və poliqrafiya departamentinin qəbul qeydiyyatı üzrə baş direktoru Rəşad Hüseynov” kimi təqdim edən şəxs “WhatsApp” şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir.
Digər elanda isə R. Hüseynov özünü DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin “Novartis” Bakı dərman departamentinin koordinatoru kimi təqdim edir və yenə də “WhatsApp” şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir.
Komitə vətəndaşlara diqqətli olmağı tövsiyə edir və bildirir ki, gömrük orqanlarına işə qəbul Komitənin rəsmi internet səhifəsində əvvəlcədən yerləşdirilən elan əsasında müsabiqə yolu ilə aparılır və yuxarıda qeyd edilən elanların, işçi tələb olunduğu qurumların gömrük orqanlarına heç bir aidiyyəti yoxdur.
Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan qanunazidd hərəkətlərin araşdırılması ilə bağlı Daxili İşlər Nazirliyinə rəsmi müraciət olunub.