“Bakı Metropoliteni” QSC-nin “İçərişəhər” stansiyasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ən şox diqqətçəkən bayram hədiyyəsinin - retro vaqonların nümayişinə başlanılıb.
Yanvarın 5-dək bayram ab-havasında bəzədilmiş bu vaqonlar qatarların hərəkət etmədiyi ikinci stansiya yolunda nümayiş olunacaq. Hər kəs qatarla tanış ola, burada xatirə şəkilləri çəkdirə və xəyalən keçmişə səyahət edə bilər.
Ən vacibi, izləyicilər bu vaqonlarda müxtəlif tarixi dövrlərdə Sovet və sosialist ölkələrinin metropolitenləri üçün istehsal olunmuş vaqonların keçdiyi tarixi inkişaf yoluna da müqayisəli nəzər sala bilərlər.
Qatarlar olan sahəyə giriş hər gün saat 10:00-dan axşam saat 22:00-a qədər açıq olacaq.
“A” tipli vaqon: Keçmiş SSRİ-nin ilk metro vaqonu 1934-cü ilin sonunda istehsal edilib. Sovet dövlətində ilk metropoliten SSRİ rəhbərliyinin iştirakı ilə 1935-ci il mayın 15-də Moskvada açılıb. Xəttə çıxan ilk qatarının tərkib hissəsi olan bu vaqonda SSRİ dövlətinin rəhbərləri də ilk sərnişinlər kimi səfər ediblər. Vaqonda oturmaq üçün 52, ayaq üstə dayanmaq üçün 120 yer var. Bu vaqon Bakı metropoliteni xətlərində sərnişin daşımasa da, dizaynı, maşinist kabinası, işıqlanma sistemi, oturacaqları və digər elementləri ilə diqqəti çəkir.