Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az saytına müsahibə verib. O, komandalarımızın Misli Premyer Liqasındakı çıxışı haqda və digər bir sıra sualları cavablandırıb.
- Çempionatımızda 2-ci dövrə başladı. “Şamaxı” “Qəbələ” ilə üz-üzə gəldi (1:1)… “Şamaxı” necə təsir bağışladı?
- Əlbəttə ki, matçı izlədim. Mən həmişə demişəm “Şamaxı” gənclərdən ibarət və həddindən artıq istəkli komandadır. Bilirsiniz ki, digər komandalarımızda gənclər bir o qədər də meydana çıxmırlar. Bəzi komandalarda 1-2 gənc futbolçu oynayır. Ümumilikdə isə “Şamaxı”nın futbolçularının demək olar ki, hamısı gənclərdir. Ona görə də çox istəklidirlər. Düzdür, “Şamaxı” məğlub olur. Amma bu, təcrübəsizlikdən irəli gəlir. Komanda çox oyunda son dəqiqələrdə cüzi səhvlərdən qol buraxıb. Ona baxmayaraq, “Şamaxı” “Qəbələ” ilə matçda yaxşı oyun nümayiş etdirdi, yaxşı müdafiə olundular. Xal qazana bildilər. Məncə, indiyədək “Şamaxı”nı hansısa rəqib rahatlıqla məğlub etməyib.
- Bəs, “Qəbələ”nin oyununda hansı məqamlar gözə çarpır?
- “Qəbələ” mövsümə çox yaxşı başlamışdı. Amma son matçlarda qeyri-stabil çıxış edir. Yadınızdadırsa, ilk 3 turdan sonra onlarda məğlubiyyət seriyası oldu. Sonra yenə yaxşı oynamağa başladılar. Komandada stabillik o qədər də yaxşı deyil. Amma ümumilikdə “Qəbələ” avrokuboklara vəsiqə üçün mübarizə aparan komandadır. Bu mübarizə davam edəcək. “Qəbələ” pis təsir bağışlamır. “Şamaxı” ilə matçda da şanslar yaratdılar.
- “Turan Tovuz” öz meydanında “Səbail”i qəbul etdi. “Turan Tovuz” hesabı açsa da, oyun 2:2 hesabı ilə başa çatdı. “Turan Tovuz” Premyer Liqanın 2-ci dövrəsində necə görünür?
- “Turan Tovuz” yeni qurulan bir komandadır, yeni baş məşqçisi var. Bilirsiniz ki, “Turan Tovuz” Premyer Liqada debütantdır. Bu komanda oyunu əks-hücumlarla qurur.
- “Səbail” debütant olmasa da, bu komandada baş məşqçi Mahmud Qurbanovu yeni adlandırmaq olar…
- Bəli. “Səbail” demək olar ki, sıfırdan qurulub. Amma “Turan Tovuz”la matçda bərabər səviyyədə oyun izlədik. Yəni, hər iki komanda elə-belə məğlub olan komanda deyil. Mən ümumiyyətlə, Premyer Liqa iştirakçılarını 2 “5-liy”ə bölərdim. Yarısı avrokuboklar üçün oynayan komandalardır, yarısı da autsayderlər. Mən autsayder adlandırmazdım. Lakin yuxarı pillələr üçün o qədər də mübarizə aparmırlar. Onlar üçün bir az çətin olacaq. Həmin qrupa “Turan Tovuz”, “Səbail” də daxildir. Məncə, qrupda bu komandaların səviyyəsi eynidir.
- Yuxarı pillələr üçün yarışan “Sabah” “Zirə”ni qəbul etdi və çətin qələbə qazandı (1:0)…
- İndi yaxşı oyun elə də yadda qalmır. Əsas nəticə yadda qalır. “Sabah”ın istəyi 3 xal idi və bun nail oldu. Çətin qələbə qazandılar. Hazırda 2-ci yer uğrunda mübarizə “Sabah”, “Zirə”, “Neftçi” və “Qəbələ” arasında gedir. Amma bu komandaların içində hansı özündən aşağı yerdə olan komanda ilə matçda xal itirsə, mövqeyini əldən verəcək. Əsas məsələ odur ki, xal ehtiyatı nisbətən az olan komandalara qalib gəlsinlər. Bu, “Sabah”da alınır, xalları toplamağa davam edirlər. Amma digər məsələ də 2-ci yer uğrunda mübarizədə rəqib olan komandalara qalib gəlməkdir. “Sabah” da “Zirə”ni məğlub etməyi bacardı.
- Bəs, “Zirə”nin oyunu haqqında nə demək olar?
- Məncə, “Zirə” 1-2 futbolçu transfer etsə, 2-ci yer uğrunda mübarizə aparacaq. Həm də transferlər reallaşsa, komanda gözəl oyun nümayiş etdirəcək.
- “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov futbolçusu Coşqun Diniyevin “Sabah”la matçda qırmızı vərəqə alması ilə bağlı danışarkən hakimin qərarı ilə razılaşmadığını bildirmişdi. O, belə soyuqqanlı qərarların “Zirə”yə qarşı olduğunu deyib. Siz necə düşünürsünüz?
- Hər bir məşqçinin oyundan sonra hakim haqda da, futbolçu haqda da fikirləri olur. Əsəbi halda olursan, o şeyləri deyirsən. Amma sonra oyuna baxanda hakimin səhvini və ya düz qərar verdiyini görürsən. Hər bir oyunda belə şeylər olur. Mən inanmıram ki, hakimlər qərəzli yanaşsın. VAR sistemində belə qərarı hakim verir. Amma VAR tətbiq olunandan sonra hansısa hakimin qərəzli qərar verəcəyini düşünmürəm.
- “Kəpəz” uzun müddət sonra Gəncədə oynadı. Amma “Neftçi”yə 2:0 hesabı ilə uduzdu. “Kəpəz” Gəncədə necə təsir bağışladı?
- Əvvəlcə Gəncə azarkeşlərini təbrik edirəm. Azarkeşlər həqiqətən də möhtəşəm idilər. Oyunlar bölgələrimizdə olanda çoxlu azarkeşlər gəlirlər, komandanı dəstəkləyirlər. “Kəpəz” “Neftçi”dən də istəkli görünürdü. Amma buna baxmayaraq, uduzdular. “Kəpəz”in individual futbolçuları var. Gəncədə pis təsir bağışlamadılar. Düşünürəm ki, qarşıdakı matçlarda “Kəpəz”i Gəncədə məğlub etmək çox çətin olacaq. 3 xalı rahatlıqla qazanmaq mümkün olmayacaq. “Kəpəz” doğma meydanda bütün rəqiblərə baş ağrısı yaradacaq.
- “Nefçi”nin qələbəsi oyununda da görünürdü?
- “Neftçi” mənim üçün doğma komandadır. Buna görə də onlara uğurlar arzu edirəm. Amma “Neftçi”nin həddindən artıq gözəl oynadığını, taktikalar, gedişlər etdiyini deyə bilmərəm. Bunu görmədim.
- Son oyunlarda “Neftçi” əvəzetmələr edərkən futbolçuları aqressiv davranırlar, hirsli olurlar.
- Bəli. Səhv etmirəmsə, hansısa matçda əvəzetmə oldu, futbolçu kənara çıxıb başını göstərdi. Nəsə deyə-deyə meydanı tərk etdi. Bu, bir az futbolçuya yaraşmayan hərəkətdir. Mənə elə gəlir ki, “Neftçi” belə şeyləri mütləq düzəltməlidir. “Neftçi”nin adını onlara başa salmaq lazımdır. Anlamalıdırlar ki, “Neftçi”nin şərəfini qoruyan futbolçu özünü necə aparmalıdır. Keçən dəfə legioneri əvəzlədilər. O da meydançanın kənarında özündən çıxdı. Komandada dissiplini düzəltmək lazımdır.
- Bir neçə ildir ki, çempionluq mübarizəsi “Qarabağ”la “Neftçi” arasında gedirdi. İndi “Sabah”da onlara qoşulub… Hazırda bu komandaların hansının 2-ci yeri tutması daha realdır?
- Hazırkı durumda “Sabah” 2-ci yerə layiqdir. Geridə qalan 11 tura nəzər salanda bunu görə bilərik. “Neftçi” indi 2-ci yerə layiq deyil. Amma qarşıdakı oyunlar hər şeyi göstərəcək. Bir şeyi unutmayaq, maliyyəsi olan komanda həmişə çempionluq üçün mübarizə apara bilər. “Sabah” da bir neçə ildir ki, bunun üçün işlər görür.
- Deməli, “Sabah”ın “Qarabağ”la çempionluq mübarizəsi apardığını qəbul edirsiniz?
- Mən buna inanmıram. “Sabah”da “Qarabağ”la mübarizə aparacaq potensialı görmürəm. Amma 2-ci yer uğrunda yarışda “Sabah” həm “Zirə”, həm “Qəbələ”, həm də “Neftçi”ni qabaqlayır.
- 11-ci turun son oyununda “Qarabağ” evdə “Sumqayıt”a qalib gəldi (3:1). Sanki Ağdam təmsilçisi rəqibi rahatlıqla üstələdi.
- “Qarabağ”ın oyunundan geniş danışmağa ehtiyac yoxdur (gülür). Ona görə ki, komandanın çıxışı da, nəticələri də göz qabağındadır. Bu dəqiqə Azərbaycanda “Qarabağ”la ayaqlaşan bir komanda yoxdur. Ona görə də dünənki matçda “Qarabağ” sanki məşq edirdi. “Qarabağ” dəyişikliklər edib, öz istəyinə çatdı. Hələ “Qarabağ” meydana əsas heyəti buraxsa, hər bir matçda rahatlıqla qalib gələr.
- “Sumqayıt” zəif təsir bağışladı…
- “Sumqayıt” öz meydanından çıxa bilmirdi. Dünən 30-cu dəqiqələrdə 1 dəfə irəliyə getdilər, künc zərbəsi vurdular. Bu da müdafiəçinin səhvindən yarandı. Yəni, heç künc zərbəsi olmayacaqdı. Əks-hücumda 1 zərbə vurdular, o da qol oldu. Futbolda belə şeylər baş verir. 90 dəqiqə irəliyə gedib uduzan komandalar da olub. “Sumqayıt” isə 1 zərbə ilə qol vurdu. Komandaya Samir Abasov baş məşqçi təyin olunub. Hər bir məşqçinin özünün futbolçu seçimi var. Onun açıqlamasını oxudum, qışı səbrsizliklə gözlədiyini deyib. Samir Abasov transferlər edib, yaxşı bir komanda yarada bilər. “Sumqayıt”ın potensiallı futbolçuları var. Hazırda isə zəif təsir bağışlayırlar. Komanda pis komanda deyil. Lakin “Sumqayıt” bayaq qeyd etdiyim 2-ci “5-lik”dəki komandalarla bərabər səviyyədədir. Hətta “Sumqayıt”ın bir az üstün tərəfləri də var.